Monday, 16 October 2017

Qaranlıq dünyada keçən Helen Kellerin hekayəsi

Baxdığını görə bilməyən, eşitdiyini anlamayan və davamlı danışan çox bilmişlərlə dolu dünyamızda Helen Keller görən kor, eşidən kar və özünü yaxşı ifadə edə bilən lal idi. Əzmi ilə, bacardıqları ilə və yaratdıqları ilə milyonlarla insan üçün ilham qaynağı və bacarıq örnəyi oldu. Sahib olduqlarından heç cür xoşbəxt olmayıb davamlı şikayət edənlərə inad! Helen və həyatı boyunca ona rəhbərlik edən müəllimi Enn Sallivan əngəllilərin həyatlarını asanlaşdırmaq, problemlərinə diqqət çəkmək üçün bir çox önəmli lahiyəni həyata keçirərkən çətin, amma bir o qədər dolu həyatları ilə də bütün insanlara ümid oldular. Mark Tvenin 19-cu əsrin 2 böyük şəxsiyyətindən biri olaraq qeyd etdiyi Helen Kellerin sadəcə əngəllilərə deyil, bütün insanlara örnək olacaq həyat hekayəsi...


Helen Keller bütün insanlıq üçün insan beyninin nə böyük möcüzələr yaratdığının canlı sübutudur. 1880-ci ilin 27 iyununda ABŞ-ın Alabama ştatının kiçik qəsəbəsi olan Taskambiyada sağlam uşaq olaraq dünyaya gələn və hələ 2 yaşına keçmədən keçirdiyi yüksək qızdırmalı xəstəlik səbəbiylə görmə, eşitmə və danışma qabiliyyətlərini itirən kiçik qız qaranlıq, kor dünyaya düşür. Bu narahatlıq onun xarici aləmlə olan bütün əlaqəsini qoparır, həyata tutunmağı bacaran kiçik qızın həyatı tamamilə dəyişir.

Ailəsi birdən-birə əsəbi uşağa çevrilən, tez-tez əsəb böhranları keçirən Helenin görmə, eşitmə və danışma qabiliyyətini itirdiyini fərq etdiklərində onun zehni qabiliyyətlərinin hələ fərqində deyildilər. Çevrəsindəkiləri anlamaqdan və onlara özünü anlada bilməkdən məhrum, qaranlıq və səssiz dünyanın içində qalan kiçik qız getdikcə əsəbiləşərək ətrafını qırıb tökməyə başlayır. Çarəsizlik içində olan və axtarış başladan ailəsi məktəb yaşına gələn Heleni təhsili haqqında məsləhətləşmək üzrə doktor Aleksandr Qrem Bellə aparırlar.

Telefonun ixtiraçısı olan doktor Qrem Bell eyni zamanda kar və lal uşaqlara oxuma-yazma öyrədə biləcək müəllimlər yetişdirən məktəb açmışdır. Qrem Bell Helen Kellerin atasına Bostondakı Perkins məktəbindən özəl müəllim tutmasını tövsiyyə edir. Beləcə 7 yaşındaykən Helenin həyatına girən müəllim Enn Menfild Sallivan onun üçün dönüş nöqtəsi olur. Korlar üçün Perkins məktəbindən yeni məzun olan 20 yaşlı gənc qadın Helen Kellerə müəllimlik etmək üçün Taskambiyaya gəldiyində qarşısında duran danışma, görmə və eşitmə əngəlli kiçik qızın insan beyninin doğru istifadəsində fövqaladə qabiliyyəti olduğunu bütün dünyaya göstərəcəyini bilmirdi.


Helen ilə Enn Sallivan bir araya gəldikdən sonra rabitə qurmağın gözəlliyi ilə həyatlarına anlamlar qatmaqda qalmayıb birlikdə həyatı yenidən kəşf edirlər. Ümid etmək və uzağı görə bilmək vergisinə sahib olan Enn Sallivan səbri və sevgisi ilə bu kiçik uşağa qaranlıqdan aydınlığa gedən yolda rəhbərlik edir. Helen Keller 1890-cu ildən etibarən nitq dərsləri almağa başlayır. Çox çalışması, danışmaq üçün fərqli texnikalar sınamasına rəğmən Helenin danışığı Enn Sallivan və bir neçə yaxınının anlaya biləcəyi səslər çıxarmaq səviyyəsinı gələ bilir.


Enn Sallivan Helenin nəzarətsiz davranışlarının insanlarla əlaqə qurmasıyla düzələcəyinə inandığı üçün  bu istiqamətdə işləməyə başlayır. Öncəliklə işarət dilini və Brayl əlifbasını öyrədir. Nəsnələri öyrətmək üçün əlinə yazılar yazır, nəsnələrə toxunmasını və beləcə onların nə olduğunu dərk etməsini təmin edir. Helen öyrənməyə “su” sözündən başlayır. Müəllimi Enn Heleni nasosun yanına götürüb nasosdan su çəkir, Helenin əlini oraya tutaraq ardınca əlinə su yazır. Yəni, suyu öyrənmək üçün suya, torpağı öyrənmək üçün torpağa toxunmasını təmin edir. Helen görmə və eşitmə duyğularının yerinə toxunma və qoxlama duyğularından istifadə edərək insanları, canlıları və həyatı anlamağa çalışır.
Əslində Enn Sallivanın özü də görmə əngəlli sayılırdı. Çox az görmə qabiliyyəti olan Sallivanın Helen Kellerə verdiyi təhsil ona sadəcə oxuma, yazma və danışmağı öyrətməklə qalmır, normal təhsil almasını da təmin edir. 10 yaşına gəldiyi zaman kar və dilsiz işarətləri ilə dərdini anlada biləcək hala gələn və oxumağa böyük həvəsi olan Helen Keller 1900-cu ildə Redkliff Kollecinə başlayır və 1904-cü ildə buradan “şərəf tələbəsi” olaraq diplomunu alır.


Tələbəliyi əsnasında yanından heç ayrılmayan Enn Sallivan Helen Kellerin dərslərini hazırlamasında, məktəbdə öyrəndiklərini evdə təkrarlanmasına ona kömək edir. Helenin bütün təhsili boyunca və həyatının geri qalanında Enn Sallivan həmişə onun yanında yer alır. Helen universitetdə oxuduğu illərdə bir yandan da həyat hekayəsini yazmağa başlayır. Həm normal, həm Brayl yazı maşını ilə yazdığı bu kitabı 1903-cü ildə nəşr edilir. Başlanğıcda çox satılmasa da, “Həyatımın hekayəsi” adlı bu kitab sonrakı illərdə klassik halını alır və 50 dilə çevrilir.


Helen Keller ilə müəllimi Enn bu ilk kitabın nəşrini təmin edən tanınmış sosialist və tənqidçi Con Albert Meysi ilə çox yaxşı dost olurlar. 1905-ci ildə Enn Sallivan Albert Meysi ilə evlənir. Bu evlilik Helen ilə müəllimi Ennin əlaqəsini çox dəyişdirməz. Helen artıq Meysi cütlüyü ilə birlikdə Massaçusetsdə yaşamağa başlayır. Sosialist düşüncə ilə tanışlığı da eyni dönəmdə Con Meysi sayəsində olur. 1913-cü ildə sosializm haqqındakı məqalələrini “Qaranlığın içindən” adlı kitabında toplayır. 1918-ci ildə üçlü Nyu Yorka köçür.


Helen və Enn bundan sonrakı illərini dünyanı gəzib konfranslar verərək keçirirlər. Təcrübələrini və inanclarını danışdıqları bu konfranslarda Helenin danışıqlarını Enn söz-söz açıqlayır. Həyatlarını bu danışıqlar ilə təmin edən Helen və Enn 1918-ci ildən etibarən vodevil sərgiləməyə  başlayırlar. Helenin ilk dəfə “su” sözünü anladığı anı göstərən bu tamaşa çox diqqət çəkir. Hollivuddan film təklifi gəlincə qəbul edirlər və beləcə Helenin həyatını anladan film çəkilir. Ancaq Helen 1919-cu ildə çəkilən bu filmi bəyənmir və film gözlənilən maddi qazancı gətirməyincə ikisi vodevil turları ilə həyatlarını qazanmağa davam edirlər.


Helen ilə Ennin bu vodevil turlarından qazandıqları pullar “Amerika Görmə Əngəllilər Fondu”na gəlir olur və Helen Keller toplanan məbləğlərlə görmə əngəlli insanların və ailələrin həyat şərtlərini yaxşılaşdırmağa kömək edir. 1921-ci ildə Helenin anası Keyt dünyasını dəyişincə tək köməkçisi olaraq Enn qalır. Nə var ki,  o da eyni il xəstələnir və 1922-ci ildə tutulduğu bronxit üzündən sadəcə fısıldayaraq danışa biləcək hala gəlir. Beləcə, Helen səhnədə tək qalır. 1914-cü ildən bəri onların yanında katibə olaraq çalışan Polli Tomson Ennin rolunu öz üzərinə götürüncə bu çətinlik də aşılır və bu teatrlar sayəsində fond üçün qaynaq təmin etmə işi davam edir. 1931-ci ildə İngiltərə kral və kraliçəsi ilə tanış olurlar.


1936-cı ildə Enn Sallivanın ölümündən sonra Helen Polli ilə birgə Konnektikuta köçür. İkinci Dünya Müharibəsindən sonra Helen və Poli işlərini sadəcə amerikalı görmə əngəlliləri üçün deyil, bütün dünyadakı görmə əngəllilər üçün davam etdirərək Yaponiya, Avstraliya, Cənubi Amerika, Avropa və Afrikanı gəzirlər. 1961-ci ildə ilk ürək tutmasını yaşayan Helen sosial həyatdan uzaqlaşır. Vaşiqtonda qatıldığ; son fəaliyyətdə dövrün ABŞ prezidenti Kennedi tərəfindən də Ağ Sarayda qarşılanır. Sosial həyatdan uzaqlaşsa da, Helen Keller unudulmur və 1964-cü ildə xalqın ən böyük vətəndaş medalı olan “Azadlıq medalı”ı prezident Consondan alır. 1 iyun 1968-ci ildə dünyasını dəyişən Helen Kellerin külləri müəllimi və dostu Enn Sallivan və Polli Tomsonun yanınan gömülür.


Helen Keller həyatı barmaq uclarında hiss edib yaşayarkən fiziki əngəlləri olmamasına rəğmən “görmədən, eşitmədən” yaşayanlara səslənirdi: “Yalnız 3 gün daha görə biləcəyinizi düşünün. Necə bütün ayrıntıları gördüyünüzü anlayacaqsınız. 3 gün daha eşidə biləcəyinizi düşünün. Hər bir səsin, hər bir notun necə həsrətlə ruhunuza dolduğunu görəcəksiniz. Yaşanacaq 3 gününüz qaldığını düşünün. Həyatın bütün saniyələrini necə həsrətlə yaşadığınızı görəcəksiniz.”

0 comments :

Post a Comment