Sunday, 4 September 2016

Səni duelə dəvət edirəm!

Kökü antik dövrlərə qədər uzanan duel özünə ya da dəyər verdiyi bir adama təhqir edildiyini önə sürən bir adamın özünə ya da dəyər verdiyi adama təhqir edən adamı silahla hesablaşmağa çağırması nəticəsində bu iki adam arasında reallaşan təkbətək vuruşmağa verilən addır.

Duelin tarixi insanlıq tarixinin ən qədim dövrlərinə qədər uzanır. Axillesin Hektorla, Turnun da Eney ilə bir duelə alovlandığını tarixi qeydlərdən bilirik. Germanların içib-içib döyüşdüklərini çox rəngli bir tərzdə izah edən romalı tarixçi Tasit qəbilələr arası qarşıdurmaların bu şəkildəki təkbətək döyüşlərlə, yəni ən az şəkildə qan tökülməylə önləndiyini qeyd edir. Romalıların hər nə qədər arenada sağ qala bilən kölələrə ara-sıra azadlıqlarını bağışlamaq kimi bir adəti olsa da, cəza üsul qanunlarına bu cür vətəndaş hərəkatları əlavə etməyi heç düşünməmişdilər. Xalqların böyük köçüylə germanlar yurdlarından olub Avropanın çoxunu işğal edincə duel anlayışını da özləri ilə bu torpaqlara daşımış oldular.

Germanların özləri ilə Avropaya daşıdıqları duel cəngavərlik təşkilatının ortaya çıxışıyla birlikdə turnirlər vasitəsilə müharibəyə hazırlıq metodu olaraq istifadə edilməyə başlandı. Bu turnirlərdə iki qrup cəngavər qarşılaşır və qruplardan birinin məğlubiyyətinə qədər vuruşurdular. Cəngavərlərin müharibəyə hazırlanması üçün təşkil edilən bu turnirlər həm məhkəmə duelinin, həm də qürur duellərinin kökünü meydana gətirdi. Lakin cəngavərlər tarixi axışı içərisində duelin intiqam almaq ya da şöhrət qazanmaq vasitəsi halına gələcəyini əlbəttə bilmirdilər.

Bir alman atalar sözündə deyilir: "Əhəmiyyətli olan haqlı olmaq deyil, haqqını əldə etməkdir". Haqqını əldə etməyin ən can yandıran sahəsi isə o gündən bu günə borclar hüququdur. Orta əsrlər Avropasında hakim şikayətçi və cavabdehin ziddiyyətli ifadələrinin içindən çıxa bilməyincə, ya da əldə kifayət qədər sübut yoxdursa, bunların özünün müəyyənləşdirəcəyi bir yer və zamanda, yenə özünün uyğun gördüyü silahlarla döyüşməsini qərara bağlayərdı. Hüququn işin içindən çıxa bilmədiyi zamanlarda həll üçün müraciət edilən bu üsula Orta Əsrlərdə “duellum” adı verilirdi. Tanrının günahsız olan adamı qoruyacağına və duelin Tanrının da köməyiylə bu günahsız adamın zəfəriylə nəticələnəcəyinə inanılırdı. Beləcə günahkar olan adam Allah tərəfindən, hətta bir baxıma Tanrının əli olan adam tərəfindən mühakimə edilməklə qalmır, eyni zamanda günahının əvəzini xalqın qarşısında ödəmiş olurdu. Bu səbəblə məhkəmə dueli uzun illər ərzində “Jugement de Dieu” (Tanrının hökmü) olaraq da adlandırıldı.

TANRININ HÖKM NƏDƏNSƏ ZƏNGİNLƏRDƏN YANADIR

Barokko, Rokoko, Romantizm çağı deyərkən “duellum” dini məzmunundan mücərrədlənərək fərdi bir hesablaşma üsulu halına gəldi. Amma kökündə yatan qatı qaydalar heç unudulmadı və rəsmi olaraq qadağan edildiyi dövrlərdə belə bu prinsiplər tərk edilmədi.

Tərəflərin "Tanrının hökmü" verilmədən əvvəl sıvışmamaları üçün də bir təminat axçası yatırmaları şərt idi. Duellum sınağını itirən, amma həyatda qalanlara isə dünyəvi hüquq qılıncının kəskinliyi daddırılırdı. Belə üsullar ədalətlə də, haqqaniyyətlə də əlaqədar deyildi, amma əsrlər boyu “keçər axça” olaraq qaldı.

"Tanrının hökmü"nə müraciət etmək klassik mənadakı dueldən daha demokratik əsaslara əsaslanırdı; məsələn, təhkimçilər bu yolla bəzi məhdudiyyətlərə baxmayaraq haqq axtara bilirdilər. Şərəfinə ləkə sürtmədən belə bir meydan oxumağa qarşılıq verməmək imtiyazı isə ruhanilər sinfinə, qadınlara, xəstə və kasıblara, 20 yaşından gənclərə və 60 yaşını aşmışlara tanınmışdı. Bu kəslərə yerlərinə döyüşəcək bir nümayəndə təyin etmək haqqı tanınırdı. Necə ki, bu gün yalnız pulu olan özünə yaxşı bir vəkil tuta bilirsə, o zamanlar da zənginlər özlərinə "Tanrının hökmü"nün məqsədə uyğun bir şəkildə verilməsini təmin professional bir muşketyor kirayə bilirdilər. Qısacası, kim daha zəngindirsə, "Tanrının hökmü" nədənsə həmişə ondan yana olurdu. Əlbəttə, bu ədalətsizliyi fərq edənlər də var idi. Üsamə ibn Munkız daha 12-ci əsrdə “İbrət Kitabı” adlı əsərində bu vəziyyəti tənqid etmiş, güclü-qüvvətli bir dəmirçiylə döyüşdürülən şikəst bir qocaya baxan suriyalı müdrik "Ədalət bunun harasındadır? Burada kim günahkar, kim günahsızdır?" deyə soruşmadan edə bilməmişdi.

Gerçəyin yolunu tapmağın dueldən keçdiyi bir dəfə qəbul edildiyində yalnız şəxsi iddialar deyil, ən uca məqsədlərin belə nə qədər qanuni olduğu təkbətək döyüşlərlə müəyyənləşirdi. Bu cür racon kəsməyin ətraflı ilk tarixi sənədi Şarlmanın oğlu dindar Lüdövikdən günümüzə qədər gəlmiş olan 816-ci il tarixli bir fərmandır. Buna görə dueldə yenilən tərəfin sağ əli yalan ifadə verməkdən ötrü kəsiləcək, gətirdiyi şahidlərə isə qurtuluş axçası qarşılığı əllərini qurtarmaq şansı veriləcəkdi. "Sachsenspiegel" deyilən Orta Əsrlər Almaniyası qanun kodeksində bu mövzuda daha olduqca çox məlumat var.

1230-cü ildə etibarlı qaydalar işə zümrəsəl bir ayrım gətirir. Buna görə cəmiyyətin alt təbəqələrinə mənsub birinin üst təbəqələrdən bir adamın yaxasına yapışmaq haqqı olmadığı kimi, onun özünə meydan oxumasını rədd etmək haqqı da yoxdur. Bəlkə də buna görə kilsə 13-cü əsrdən etibarən Tanrını çətin vəziyyətə salan bu tətbiqi qadağan etmiş və həqiqətə çatmaq üçün heç bir zümrəyə imtiyaz tanımayan işgəncəni üsul olaraq mənimsəmişdir!

Kralların bu ağıllara durğunluq verən haqsızlığa səbəb əsrlərcə yumduğunu işin maliyyə istiqamətinə göz yetirsək anlayırıq. Fransa kralı Gözəl Flippin 1306-cı ildə yayımladığı bir təminnaməylə yenilən tərəfə veriləcək cəzadan əlavə mal və mülkünün xərclər çıxıldıqdan sonra kralın hesabına müsadirə ediləcəyi qeyd edilir.

Pula heç bir zaman doymayan Gözəl Filip 1306-cı ildən dərhal sonra zəngin “Məbəd Cəngavərləri” təşkilatını dağıtdı. Kral, beləliklə, yeni maliyyə mənbələri təmin etməyin yolunun pərakəndə tədbirlərdən keçmədiyini bildiyini göstərmiş oldu. Dəmir Kralın ölümündən 80 il sonra reallaşan bir skandal Fransa hüququnda "Tanrının Hükmü”nün tətbiq olunduğu son hadisə oldu. Bir cəngavər qadına təcavüzlə günahlandırıldı və dueli itirdi. Ölümündən dərhal sonra başqa birinin bu günahı etiraf etməsi cəmiyyət vicdanında çatlaqlara gətirib çıxardı. Paris parlamenti (yüksək məhkəmə) də beləcə 3 iyul 1386-cı ildə "Tanrının hökmü"nü son dəfə tətbiq etmiş oldu. İngiltərəyə Normandiya fəthini reallaşdıraraq İngiltərə taxtını ələ keçirən I Uilyam tərəfindən tərəfindən gətirilən məhkəmə dueli isə ancaq 1819-cu ildə 64-ə qarşı 2 səslə ingilis parlamentində qəbul edilən və təsdiqlənərək qanuniləşən “Appeal of Murder Act” ilə qaldırıldı.

İTALYANLAR İNCƏ VƏ YÜNGÜL QILINCLARI TAPINCA

Məhkəmə dueli qadağan edilməyə başlamışdı, amma qürur dueli, yəni duelin hər kəsin bildiyi müasir forması 16-cı əsrdə İtaliyadan başlamaq üzrə daha çox güclənərək Avropaya geri döndü. İtalyanların insanlığa hədiyyəsi olan incə və yüngül qılıncların Avropa ərzində sürətlə yayılması, asan daşına bilən yeni qılınclarla bir müzakirə əsnasında dərhal hadisənin meydana gəldiyi yerdə duel edə bilmək imkanı təmin etdi. Duellər əvvələrinə görə artıq həm daha sürətli, həm də daha ölümcül idi. İtaliyada başlayan axın öncə İspaniya və onsuz da uyğun olan Fransaya sıçradı, oradan da bütün Avropaya yayıldı, inqilablara belə müqavimət göstərdi. Müqəddəslikdən mücərrədlənən, məhkəmə sahəsində dövrədən çıxardılan duel artıq zümrəsəl şərəf anlayışı əhatəsinə alınmışdı. Bu da fərdi bir görünüş altında, siyasi iqtidarı qılıncın ucunda axtarışın qapısını açmışdı. İşi ən çox şişirdən fransız soyluları oldu. Monteskyö “Lettres Persanes” (Pers Məktubları) adlı əsərində bu vəziyyəti belə izah edir:

“Xüsusilə fransız aristokrasiyasının üzvləri qürur qaydalarından başqa heç bir qanuna itaət etməz və bu sinfin üzvləri həyatlarını da buna görə nizamlayarlar. Anlaşılmazlıq vəziyyətlərində problemləri həll edən və dərhal hər zaman müraciət edilən dominanat vəziyyət dueldir.”

Fransada din döyüşlərinin sona çatıb də sözdə sülhün təmin edildiyi 1594-1610-cu illər arasında 8 minə yaxın zədagən və zabit duellərdə ölmüşdü ki, bu,  o dövr üçün böyük bir saydır.

Adı üstündə duel iki adamı maraqlandırsa da, ortalıq bəzən elə alovlanırdı ki, şahid və tamaşaçılar də qapışır, az qala bir meydan döyüşü görünüşü meydana gələrdi. Belə duellərin ən məşhurlarından biri 27 aprel 1578-ci ildəki "Minionların döyüşü" deyə xatırlanan və qatılan 6 adamdan dördünün canına mal olanıdır. Buradan ağır yaralı olaraq xilas olan Livaro baronu Qi d'Arse isə hadisədən dərs almamış olacaqdı ki, üç il sonra başqa bir dueldə həyatını itirdi.

Bir-biriylə heç bir problemi olmayan duel şahidlərinin dözə bilməyib bir-birlərinə qarşılıqlı qılınc sallamaları ictimaiyyətdə duelin əxlaqi mövqeyinə qarşı sərt tənqidləri də özü ilə gətirdi. Kardinal Rişelye 2 iyun 1626-cı ildə bir fərmanla duelin bütün Fransada qadağan edildiyi, uymayanların zədagən ya da xalqdan biri olduğuna baxılmadan edam ediləcəyini eşitdirdi. Nə var ki, ölüm cəzası belə duelin cazibəsini aradan qaldıra bilmədi. Məsələn Fransua de Burbon-Vamdomun qaynını 30 iyul 1652-ci ldə öldürdüyü və izləyən ən az 10 adamın dözə bilməyib duelə qatılıb üçünün həyatını itirməsi qadağaların istənilən effekti təmin etmədiyini göstərirdi.

QAÇANIN ANASI AĞLAMAZ!

Bir il içində 40 rəqibini öldürən Fransanın ən məşhur duelçusu Fransua de Monmoransi-Butvil də Kardinalın buyruğunu çox ciddi qəbul etməyənlərdəndir. Zədagən bir ailədəndir və feodal hüquqlarını qorumaq istəyən zadəganların da ümidi idi. Arxa-arxaya adam öldürməsi kral 13-cü Lüdoviki belə qəzəbləndirdikdə Brüsselə qaçdı. Onun adına əfv istəyənlərə müvəffəqiyyətsiz olunca bu səfər Parisin göbəyində gündüz duel edəcəyini elan etdi. 12 may 1627-ci ildə Monmoransi Byevron markizi ilə qansız bir duel edərkən şahidlər da bir-birinə girdi və Büssi d'Ambuazın yaralanıb iki gün sonra dünyasını dəyişdi. Kardinalın hirsi amansızdı. Byevron İngiltərəyə qaça bildi, amma tutulan Monmoransi və şahidinin 22 iyunda başları kəsildi.

XIV Lüdövikin krallığı dövründə 1689-cu ildə çıxarılan bir bəyannamə ilə duelə bir daha döyüş açıldı. Fransız xalqının dəstək verməsiylə duel kimi birə-bir həyata keçirilən meydan çarpışmalarında ciddi bir eniş yaşanarkən bu səfər də cinayət olaylarındaki artım gözə çarpırdı. Bütün qadağalara qarşı duelin ömrü Fransa monarxiyasından daha uzun sürdü. Fransa inqilabından sonra isə duel siyasi qarşıdurmaların bir xüsusiyyəti vəziyyətinə gəldi.

Duelin cinayət elan edilməsindən sonra belə "günahkarlar" ortaqlarını təmizə çıxarmağıın hər cür yolunu sınadılar. Məsələn, 19-cu əsrdə edilən tapança duellərində tərəflərdən hər birinin cibində artıq bu dünyanın dərdinə qatlanmadıqları üçün canlarına qıydıqlarını izah edən bir məktub olardı. Üstəlik 13-cü Lüdövik kimi kralların tarazlıq hesabıyla çıxartdığı minlərlə duel əfvi onsuz da qadağaların inandırıcılığına kökdən bir zərbə endirirdi. Fransanın nisbi olaraq hüquqi dövləti olduğu 1826-1834-cü illər arasında belə ən az 200 adam bu yolda ölüb getmişdi.

Duelin tarixində ölənlər yalnız sıravi, ya da adı eşidilməmiş insanlar deyildi. Məsələn, müasir rus dilinin atası sayılan şair Aleksandr Puşkin dueli yalnız əsərlərində dilə gətirməklə qalmadı, gerçək həyatda da tətbiq etdi; etdiyi son şey olsa da! Arvadıyla qadağan eşq yaşadığını düşündüyü bacanağı Jorj Şarl Dantes ilə buna görə laqeydcə qapışdı. Rus təqvimiylə 27 yanvar 1837-ci ildə mədəsinə yediyi güllə özünü iki gün sonra öldürərkən Çar tərəfindən bağışlandıqdan sonra deportasiya edilən müzəffər bacanaq isə bundan sonra Fransada parlaq bir karyera qazandı.

Duellərin qəddar estetikası olduğu, bunun da adrenalin səviyyəsini qabardaraq ən dinc ya da ağlı başında insanları belə cəzb etdiyi inkar edilə bilməz. Yaman bir duel ustası olan Kazanovanı yazdığına görə həyatını xaricdə qazanan Şmitt adlı isveçrəli bir zabit davranışı üzrlü bir fransıza həm ilk atış haqqını, həm də hədəfə düşmədikdən sonra təkrar atəş etmə haqqını vermişdi. Bundan sonra əlindəki tapançaların birincisini havaya sıxmış, ikincisi ilə də rəqibini alnının ortasından vuraraq o biri dünyaya göndərmişdi. Xüsusilə Rokoko dövründə yalnız belə bir həzz duya bilmək üçün duel edəcək çox insan var idi.

Bəzən nə qədər qaçarsanız, qaçın, duel gəlib sizi tapırdı. Eynilə alman ictimai demokratiyasının gerçək atası Ferdinand Lassala olduğu kimi. Lassalın başı iti dili üzündən çox bəlaya girmişdi; amma bir "burjua önyargısı" deyə təyin etdiyi duelə əsla yanaşmamışdı. Amma tale onu evlənmək istədiyi 17 yaşındakı Elene fon Dönniqesin atəşli olduğu qədər ağlı bir qarış havada olan nişanlısıyla qarşı-qarşıya gətirdi. 28 avqust 1864-cü ildə Cenevrə yaxınlığında bir kənddə edilən dueldə tapançaya vərdiş olan Lassal heç təcrübəsi olmayan Yanko fon Rakoviç tərəfindən dueldə tam qıç arasından vuruldu. Tam isabət dedikləri hadisəyə hər halda bundan daha yaxşı bir nümunə ola bilməzdi. Otelə qaldırılsa da, üç gün sonra 39 yaşında həyatını itirdi. Lassalın ölümü Marks üçün dönüş nöqtəsi oldu. Lassal səhnədən itincə Avropada məşhur sosialist tək başına qaldı.

Avropada duelə dəvət etmə imtiyazı yalnız silah daşıma haqqına sahib qruplara, yəni zədagənlər, zabitlər və ali məktəb şagirdlərinə xas idi. İqtisadi gücün əllərində sıxlaşdığı 19-cu əsrdə burjuazların şərəfi də müdafiə olunmağa layiq bir dəyər olaraq qəbul edilməyə başladı. Bundan ən çox faydalananlar mədəniyyət burjuaziyasının vitrinində oturan jurnalistlər oldu. Seçməçi zehniyyət burada özünü tam mənasıyla göstərməkdə idi. Dueldən qaçmağın cəzası ətrafdan təcrid olunmaq idi. Bu qayda Almaniya və Avstriya-Macarıstan ordularında "gerçək şərəf duyğusuna sahib olmadıqlarından vəzifələrini  axsadan” neçə zabitin karyerasını nöqtələdi. Halbuki eyni ölkələrin vətəndaş cəza qanunlarına görə duelə hər hansı bir şəkildə bulaşmağın cəzası ağır idi, amma məhkəmələr bu ziddiyyət qarşısında dözüm göstərirdi. Çaşdırıcı olsa da duel Almaniyada ancaq 1969-ci il cəza qanunu reformundan sonra cinayət olaraq qəbul edildi və "təhrik" səbəbiylə cəza endirimi qaldırıldı.

Basılıb da nümayiş olunan ilk duel nizamnaməsi İntibah İtaliyasındadır. Dərhal sonra bunun bir də fransız versiyası ortaya çıxmışdır. ABŞ-da şərq sahilinin mədəni duelçiləri 1777-ci il İrlandiya nizamnaməsindən ilhamlanarkən güneyin pambıq aristokrasiyası Nyu Orleandan gələn fransız təsirinə açıq idi. Vəhşi Qərbin duel kralları isə özlərinə xas idilər. Məsələn, Avropada tapança duelində 10 addım altında atəş etmək cinayət sayılarkən, Vestern dünyasında minimum bir atış məsafəsi təyin olunmamışdı.

 ABŞ VİTSE-PREZİDENTİ DUELDƏ

ABŞ-da silah daşımaq bir konstitusiya haqqı olduğu kimi başda Texas olmaq üzrə bir çox əyalətdə duel bu gün belə qadağan deyil. Etibarlı mənbələrə görə gəncliyində ən az 32 adamı dueldə öldürən, sonradan da ilahiyyat və hüquq oxuyaraq dürüst bir vətəndaş olan  Con Uesli Hardin "Silah istifadəsində usta olan biri o işi bacara bilməyən bir başqasını duelə dəvət etsə, səbəbləri nə olursa olsun, o yalnız bir qorxaqdır və elə də qalacaq" demişdi. Amma belə zədagənlik mədəni Avropada belə çətin görülməkdədir. Necə ki Hardin bu zədagən düşüncənin əvəzini 1895-ci ildə kürəyindən yediyi dörd güllə ilə ödədi!

ABŞ tarixinin ən məşhur dueli isə vitse-prezident Aaron Burr ilə Aleksandr Hamilton arasında reallaşan dueldir. Burr məşhur ilahiyyatçılar çıxaran bir ailədən gəlirdi. Özü də əvvəl ilahiyyat diplomu almış, sonra vəkil olmuşdu. 1800-cü illərə Tomas Ceffersonla eyni səsi almasına baxmayaraq prezidentliyə seçilə bilmədi: vitse-prezidentlə kifayətləndi və bu vəzifədə prezidentlə gurultulu şəkildə tərs düşdü. İllərdir arasının gərgin olduğu ABŞ Konstitusiyasının atalarından Aleksandr Hamilton ilə bu ruh halı içində mübahisə etdi. 11 iyul 1804-cü ildə Nyu Cersidə tapança duelində qaraciyərindən vuraraq Aleksandr Hamiltonu ortadan qaldırdı. Nyu-Cersi və Nyu-York əyalətlərində haqqında 3 cinayət günahıyla iddia açıldığından müzəffər vitse-prezident qurtuluşu duelin sərbəst olduğu Cənubi Karolinaya qaçmaqda tapdı. Oradan təkrar toxunulmazlığının olduğu Vaşinqtona keçərək vəzifəsinin başına gəldi. Hamiltonun öldürülməsi sonunda yanına mənfəət qalmış oldu. Aleksandr Hamilton isə 10 dollarlıq banknotların üzərinə basılan şəkili ilə kifayətlənmək məcburiyyətində qaldı!

18 və 19-cu əsrlərdə duel qaydaları ilə əlaqədar ixtisas kitabları ən çox satılanlar arasında idi. Qürurunun şanı təhqirə uğrayan adam həmsöhbətini şahidləri vasitəçiliyi ilə duelə dəvət edərdi. Tələbə və zabitlərdə olay əvvəl racon kəsmə vəziyyətində olan şərəf heyəti önünə gətirilirdi. Alışılmış silahlar qılınc və tapançaydı, amma, məsələn, Fransada qurşunla ağırlaşdırılmış çəliklər də bu işi görürdü.

Duelə qarşı ölüm cəzası belə daşındırıcı ola bilmədiyi halda ictimai çevrə, yəni bir cür "məhəllə təzyiqi" bu cinayət dalğasına bir az olsun sədd çəkməyi bacara bildi. Kraliça Viktoriyanın (1819-1901) əri Şahzadə Albertin təşəbbüskar olduğu “Duel həvəsini qırmaq dərnəyi”nin 1843-cü ildəki quruluşuna 76 general və 13 admiral qatılmışdı. İrəlidəki illərdə beynəlxalq “Duellə savaş” federasiyası quruldu.

Duel iqtidar döyüşünün, ictimai qüvvət və qüdrət nümayişinin, çox dəfə də çılpaq və əxlaqsız maraqları qorumaq dərdinin ən primitiv və iyrənc növündən bir vasitəsi olaraq doğulmuş və elə də qalmışdır. Romalılar bunu boş yerə barbarlığın bir simvolu olaraq görməmişdilər. O baxımdan "bizdə duel yoxdur, amma tələ qurmaq adəti vardır" cinsindən əsassız və haqsız aşağılamaları ciddi qəbul etməmək lazımdır. Həm də duelin formalaşdığı İntibah İtaliyasında duelə dəvət almağın tələyə düşməklə az qala sinonim olduğunu bilə-bilə!

0 comments :

Post a Comment