Friday, 12 August 2016

Müasir incəsənət

Çağdaş sənət cərəyanları “müasir incəsənət” olaraq tanınır. Müasir incəsənət əslində ənənəviləşmiş qaydalara və qəliblərə qarşı qiyamdır. Müasir incəsənət infrastrukturunu təşkil edən “postimpressionist”lərin və digər cərəyan və üslubların ortaq nöqtəsi XX əsr həyatına duyulan reaksiyanı əsk etdirmək olaraq düşünülə bilər.
Bəzi incəsənət tarixçiləri fotoaparatın kəşfi ilə rəsm sənətinin gerçəkliyi yenidən istehsal etmək səlahiyyətinin sona çatdığını söyləyirlər. Onlara görə bu andan sonra gerçəkliyin rəsmini çəkmək dəbi keçmiş şeydir. Fotoaparatın kəşfi incəsənətin bu klassik biçimli primitivlərdən qopuşunu sürətləndirmişdi.
Bəhsi keçən köklü dəyişikliyin ardınca başqa bir çox səbəb daha vardı ki, bunların ən önəmlisi sənaye inqilabı və ard-arda baş verən dünya müharibələridir. Bu 2 ünsür maşının insan həyatında vaz keçilməz və amansız yer tutmasına səbəb olunca rəssamın qarşısındakı nəsnə ilə olan münasibəti hər zamankından fərqli, bu dəfə optik deyil, psixoloji tərəfi ağır basan hal almaq durumunda qalmış, hesablaşma halı yaşanmışdı.
Müasir incəsənət Van Qoq, Pol Qogen və Pol Sezann ilə başlamışdı. İnsanlığın ilk çağlardan bəri davam etdirdiyi mimesis (oxşarını çəkmək) təmsiliyyəti bənzərlik üzərindən qazandırmaq bu rəssamların əlində bambaşqa şeyə çevrilir. İlk təəssüratların işıq və rəng üzərindən girişdikləri təcrübi işlərini saymazsaq, nəsnəni təbiətdəki şəkil və rənglərindən müstəqil rəsm etmək bu 3 rəssam ilə başlamışdı. Əşyanın konkret gerçəkliyinə Sezann (1839-1906) forma və biçimləmə baxımından müdaxilə edərkən, Van Qoq (1853-1890) bu realizmi ruhi enerjisi ağır basan rəng ilə qırmışdı. Qogen (1848-1903) isə ideal konkret gözəllik qanunlarına qarşı çıxaraq yabani estetik yaratmışdı ki, bu da imiclərin vizuallığına təsirli müdaxilədir.

İMPRESSİONİZM (TƏƏSSÜRAT)
İmpressionizm adı Klod Monenin "Təəssürat, Doğan günəş” adlı əsərindən qaynaqlanır.
İmpressionist rəssamlara görə incəsənət təəssüratlatın əks etdirilməsi olayıdır. İmpressionistlər nəsnələrin sahib olduğu durağan və qavramsal anlamların xaricində, onların işığa bağlı olaraq anlıq dəyişən görüntülərini yaxalayıb hiss etdikləri kimi izləyiciyə anlatmağa yönəlik səylə gerçək biçimi deyil, görünən biçimi kətana köçürdülər. İmpressionist rəssam doğrudan-doğruya gerçəyi deyil, gördüklərinin özündə oyandırdığı duyğu və düşüncələri əsas alır.


EKSPRESSİONİZM (İFADƏ)
Günümüzdə hələ təsirini davam etdirən ekspressionizm cərəyanı latın mənşəli “expression” sözündən törəmişdi. Ekspressionizm müharibələr və sənayeləşmənin gətirdiyi sosial problemlərə qarşı protest duruş göstərən bir qrup rəssamın nəsnələr dünyasını buraxıb öz daxili səfərləri nəticəsi ortaya çıxan yeni bədii ifadə biçimidir.
Ekspressionistlər əsərlərində hisslərə dayalı daxili duyğuları ifadə etmək yolunu seçmişdilər. İnsanın gündəlik həyatda qarşılaşdığı hüzün, çaşqınlıq, bitkinlik, qorxu və acı ya da sevinc, coşqu, xoşbəxtlik kimi insani dair duyğular rəssam həssaslığı ilə şəkillənən əsərlərin mövzusu olur. Avropanın şimalında başlamasına rəğmən Fransada, ən çox da Almaniyada təsirini göstərmişdi.


FOVİZM (VƏHŞİLƏR)
Fovizm fransızca “fauve” (vəhşi) sözündən törəmişdi. 1905-ci ildəki “Payız sərgisi”ndə tənqidçi Lui Voksel Anri Matiss, Andre Deren və Moris de Vlaminkin əsərlərini bəyənməz, “vəhşi heyvan”, “yırtıcı quş” anlamına gələn “fov” sözünü işlədir və daha sonra bu söz fovizmə çevrilir.
Başqa tənqidçi Kamil Moklerə görə fovizm xalqın üzünə fırladılan rəng torpaqlarıdır. Fovizmə görə istər işıq, istər məsafə rəsmdə yalnız təmiz və düz rənglərlə göstərilir. Rəsm təmiz və arınmış sadəlikdə olmalıdır. Fovizm rəsmdə o zamana qədər bilinən dəyərlərin böyük qismini yox sayır. Dərinlik hissini, işıq və kölgəni, qabartma təsirini, kənar cizgilərindəki təsiri, rəng şiddəti və cizgi oyunları ilə əldə etməyi məqsəd sayır.


KUBİZM
XX əsrin içində doğan və önəmli miqdarda fəaliyyət qazanan cərəyan olan kubizm Sezannın təbiətdəki hər şeyi geometrik ölçüdə ifadə ediləcəyi fikrindən doğur. Kubist rəssamlar dünyanın dəqiq təmsilində uzaqlaşaraq təbiətin geometrik şəkillərdən meydana gəldiyi iddiası ilə yola çıxmış, rəsmlərində təbiəti geometrik formalar olaraq əks etdirmişdilər.               
Fransada 1906-07-ci illərinə doğru ortaya çıxan, 1910-cu illərinə doğru inkişaf edən önə sürdüyü fikirlərlə estetik anlayışındda inqilab yaradaraq rəssamlığı bütünü ilə çevriliş keçirməsinə yol açan müasir incəsənət cərəyanı olan kubizm rəssamlığa gətirdiyi ən önəmli yeniliklərdən biri də rəsm xarici ünsürlərin rəsmdə istifadə edilməyə başlanması və ilk kollajların ortaya çıxmasıdır. Kubizm 3 mərhələdə özünü göstərir:
-1906-1909-cu illər arası başlanğıc mərhələsi (Pol Sezann)
-1909-1912-ci illər arası irəli analitik kubizm
-1912-1914-cü illər arası sintetik kubizm


FUTURİZM (GƏLƏCƏK)
Futurizm İtaliyada Birinci Dünya Müharibəsinin öncəsi ilə İkinci Dünya Müharibəsinin sonlarına qədər rəsm, heykəl, musiqi, ədəbiyyat, teatr, memarlıq, foto və kino kimi bir çox fərqli intizam içərisində təsirini göstərmiş avanqard sənət cərəyanıdır. Futurizm kainatdakı hərəkətin bir anını təsbit etmək deyil, hərəkətin özünü eşitdirməkdir.
Bu cərəyana görə hər şey hərəkət halındadır və dəyişməkdəri. Hərəkət halındakı varlıqların gözdə buraxdıqları təsir hiss edilincəyə qədər hərəkət yenidən dəyişir. Bu səbəblə qaçan at 4 deyil, 20 ayaqlıdır və ayaqların hərəkəti də üçbucaq formasındadır. Çox tez hərəkət edən cisim sanki parçalanmış molekullar halındadır. Bu elmi gerçək futuristlərin incəsənət fikri olmuşdu. Futuristlər daha çox fırtınalı dənizlər, son sürətlə gedən avtomobillər kimi hərəkətli mövzuları seçmişdilər.
1911-ci ildə Parisə gedən futuristlər burada kubistlərlə tanış olmuş, amma bütün keçmişə qarşı olduqları kimi kubistlərə də qarşı çıxmışdılar. Tarixi olaraq futurizm 2 mərhələyə ayrılır: Birinci mərhələ 1909-cu ildən Umberto Boççoninin ölümünə (1916) qədər sürür. İkinci mərhələ Birinci Dünya Müharibəsindən sonra Mussolininin faşist idarəsi sırasında Filippo Marinettinin axını yenidən canlandırmaq səylərini əhatə etməkdədir.


DADAİZM
Dünya Müharibəsinin soyqırımlarına duyulan nifrət və diksinmədən doğulan dadaizm texnoloji irəliləyişə kor-koranə bağlanmanın səthiliyini, Avropa cəmiyyətinin korlanmasını, müharibə, cəmiyyət, ənənə, din və incəsənət kimi bütün daxili dəyərlərə etiraz etmək məqsədi ilə qurulmuş cərəyandır. Rumın şairi Tristian Tsara 1920-ci ildə Dada hərəkatını qurur. Əsərlərində alışılmış estetikçiliyə qarşı çıxır, burjua dəyərlərinin diksindiriciliyi vurğulayır. Dada hərəkatı yaradıcı sənəti canlandırmaq məqsədi ilə yeni ifadə formaları tapmağa səy göstərib məntiq xarixi mövzular, kağız, taxta və oxşar vasaitlərlə dəyişik texnikalar istifadə etmişdi.


SÜRREALİZM (REALİZM FÖVQÜ)
1924-cü ildə Andre Bretonun “Birinci surrealist manifesti”ni qələmə alması ilə birlikdə sürrealizm bir cərəyan halını almışdı. Breton bu manifestdə surrealizm cərəyanını təmiz ruhi avtomatizm olaraq təsvir etmişdi. Dadanın yıxıcı təməlləri üzərində qurulmuş olan sürrealizm cərəyan Dada ilə müqayisədə daha az təxribata yer verib daha çox sistematik istehsalın yolunu açmışdı.
Həm dada, həm də sürrealizm milli həssaslıqdan diksinmişdilər. Bir növ universallıq düşüncəsi ilə hərəkət etmişdlər. Sonralar sürrealizm beynəlxalq səviyyədə geniş yayılmışdı. Şüuraltının azğın işləyişindən ilham alan istehsalların ardınca qaçan sürrealizm psixoanaliz Freydin düşüncələrindən olduqca təsirlənmişdi. Sürrealistlər üçün yuxuların danılmaz önəmi var.



ABSTRAKSİONİZM
Vasili Kandinskinin yaradıcısı olan abstraksionizm ekspressionist ifadəli təsvirlər üzərində şəkillənən, nəsnə və canlıların görünüşlərindən faydalanmağı rədd edib rəng, cizgi, şəkil, ləkə kimi səthi ötürmə biçimlərini ələ alaraq rəsmlə əlaqəli abstract olan hər şeyi içinə almışdı. Abstrak incəsənət cərəyanı “non-fiqurativ” deyə də adlandırılır. Abstraksionizm bütünlüklə xəyal məhsulu ola biləcəyi kimi təbiətdəki bir nəsnənin biçiminin gedərək ümumiləşdirilməsi və arıdılması ilə də əldə edilə bilər. Bu durumda ortaya çıxan simvol əsl nəsnəni çağrışdıra biləcəyi üçün abstraksiya da deyilir.


ABSTRAK EKSPRESSİONİZM
Abstrakt ekspressionizm cərəyanında yaratmaq əməliyyatı rəsmin ana mövzusu halına gəlmişdi. Özlüyündən yaradılan ləkələr, fiziki hərəkətin izləri, rəngli boya metodu səthin monumental təsirini məqsəd qoyan meyl olmasından əlavə sənətkarın yaradıcı psixologiyasını anlamağımıza da kömək edir. Abstrak ekspressionist rəssamlar kubizmin formal nəticələrindən və sürrealistlərin primitiv temalarından yararlanmışdılar. Rəssamların əsl nəsnələrin təmsilinə yer vermədən özlərini sadəcə rəng və şəkillərlə ifadə edirlər.


KONSTRUKTİZM
Konstruktivizm 1920-ci illərdə Rusiyada ortaya çıxmış sənət cərəyanıdır. Rəsm, heykəl və memarlıq sahələrində əsas olmuş, ancaq sosialist reallıq rəsmi mənimsəyincə ortadan qalxmış varislərinin bir hissəsi Qərbə köçmüşdü. Çağdaş materialları işlədən və geometrik kompozisiya anlayışını mənimsəyən bit tutumdur. Sovet inqilabı ilə meydana çıxan konstruktizm daha sonra keçmişlə bütün bağlarını qopartmış, sənaye material və texnikaları ucaldan biçimləndirmə səyi içində olmuşdu.


POP-ART
Pop-art dada və abstrak ekspressionizmə reaksiya olaraq ortaya çıxmışdı. Amerikanın gündəlik həyatının yerli və regional simvolları ilə dolu bu yeni sənət hərəkatı geniş kütlələr tərəfindən mənimsənilir. Kütləvi rabitə vasitələri bu cərəyanın atası olaraq görülür. Pop-art sənaye toplumunun gündəlik istehsal əşyalarını, kütləvi rabitə çağının texnikaları ilə anladır. Bu cür obyektlər çevrələrində təcrid olunub şişirdilmiş ölçülərdə və əksəriyyətlə cizgili roman ya da reklam texnikalarından istifadə edilərək təsvir edilir.


OP-ART
Optik sənət anlamına gələn “Optical Art” abstrak sənət anlayışı ilə meydana gələn cərəyanlardandır. 1960-cı ildən müəyyənləşməyə başlayan bu anlayışın qabaqcılları Cozef Albers, Viktor Vazareli və M.K. Eşerdir. Rəng, cizgi kimi elementlər göz illüziyaları yaratmaq üçün istifadə olunur.
Əsərlər ümumilikdə abstrak olub bir çox durumda ağ-qaradır. Optik sənət öncəliklə gözdə meydana gələnlə maraqlanmaqdadır və vizual mexanizmanı hərəkətə keçirməyi, xəbərdarlıq etməyi təmin edir. Bu axın qavram ilə əlaqədardır və məqsədinə çatmaq üçün bəzi rəng və cizgilərin yan-yana qoyulmasıyla əldə edilə biləcək optik təsirlər üçün elmi üsullara müraciət edir.


KONSEPTUALİZM (ANLAYIŞ)
Konseptualizm incəsənət praktiklərinin dəyişib çevrildiyi və incəsənətin nəsnəyə olan ehtiyacının müzakirəyə açıldığı 1960-cı illərdə meydana gələn meyldir. Konseptualist rəssamlar sənət nümunəsinin maddi varlığına deyil, qavramsal varlığına önəm vermişdilər. İncəsənətin tarixi müddətində düşüncənin fəlsəfi infrastrukturunun bu qədər önəmli olduğu ilk cərəyan olması konseptualizmi önəmli edir.
Rəsmvari olanı yıxmağa çalışıb dil ilə incəsənəti bir-birinə yaxınlaşdırmışdı. Cərəyan bugün aktual incəsənətin dinamiklərindən olan qavramsallığı incəsənətə daxil etmişdi. Fəlsəfi infrastruktur ilə qavramsallığa vurğu edən sənətçilər visual ifadələrini ortaya qoyarkən dili bir vasitə olaraq istifadə etmişdilər. Konseptualist rəssamlar sənədlər, fotolar, xəritələr, qaralamalar, videolar və s. daşıyıcı vasitələr istifadə edərək incəsənətin ənənəvi tərifini və biçimini sorğulayan inqilab reallaşdırmışdılar.

0 comments :

Post a Comment