Sovet ədəbiyyatında “müharibə” başlıca
mövzulardan biri sayılırdı. Faşist işğalçılarına qarşı Böyük Vətən müharibəsini
əks etdirən neçə-neçə əsərlər yazılmışdı. Ancaq və lakin bu əsərlərdə mübarizə
aparan əsas qüvvə-kişi olurdu. Əslində bu başa düşüləndir. Müharibə - kişi
işidir, kişi sənətidir. Adətən qadınlar haqqında danışmağı unudurlar. Ki,
onların da qələbədə böyük payları var. Böyük Vətən müharibəsi illərində qadınlar
təkcə xilas etmirdilər, eyni zamanda snayperdən atəş açırdılar, körpü
partladırdılar, kəşfiyyata gedirdilər, təyyarədə uçurdular. Bütün bu qadınların
hekayəsi “Müharibə qadın simalı deyil” əsərində öz əksini tapıb.
Məhz bu əsər haqqında yazmaq istəyirəm.
Burada çoxlu cəbhə qadınlarının xatirələri toplanıb. Öz talelərindən, həmin illərdən
danışırlar. Nə görüblər, nə yaşayıblar-hamısı. Amma bütün bunlar hansısa məşhur
snayperçinin, təyyarəçinin, tankçının deyil, özlərinin qeyd etdikləri kimi “adi
müharibə qızlarının” hekayələridir. Hər biri müharibənin simasını əks etdirirlər.
Baxmayaraq ki, müharibə qadın simalı deyil.
Qadın. Başqa sözlər də var: bacı, arvad, rəfiqə.
Ən yüksəyi isə-anadır. Qadın-həyat verir, qadın-həyat qoruyur. Qadın və həyat-sinonimdir
əslində. Qəliblərdən kənara çıxmayan düşüncəyə istinadən qadın-zərif,
emosional, zərərsiz bir məxluqdur, hər zaman müdafiəyə, qayğıya, sevgiyə
ehtiyac duyur. Amma müharibə illərində gələcək nəsillər, gələcək həyatlar naminə
Böyük Vətən uğrunda əsgər oldular.
Əsəri oxuyarkən Böyük Vətən uğrunda sayca bu
qədər çox döyüşən qadınlara təəccübləndim. Əslində burada qeyri-adi heç nə
olmamalıdır. Dəfələrlə Vətən təhlükədə ikən qadınlar onu müdafiə ediblər, tarix
bunu təsdiqləyir. Böyük Vətən müharibəsi illərində qadınlar güllə atırdılar,
düşməni öldürürlər, qisas alırdılar. Bu nifrət heç nə ilə əvəz edilə bilməz.
Amma yenə də öldürmək-qadınlıq deyil. Onlar başa düşmürdülər: İnsanı necə
öldürmək olar? Axı bu insandır, olsun düşməndir, amma yenə də insandır. Bu sual
şüurlarında itib batmışdı, onun yerini isə faşistlərə nifrət tutmuşdu. Məhz
onlar uşaqları və qocaları qəddarlıqla öldürmüşdülər, insanları canlı-canlı
yandırmışdılar, qaz ilə zəhərləmişdilər. Mən faşist vəhşiliyindən yetərincə xəbərdaram,
amma bu əsərdə oxuduqlarım mənə tamamilə yeni təəssüratlar bəxş etdi.
Düşmən sənin torpağında rahatca gəzərkən sən
necə özün haqqında düşünə bilərsən? Bu “adi
qızlar” bu barədə heç düşünmədilər. Baxmayaraq ki, çoxlarının 16-17 yaşı vardı.
Onlar şagird və tələbə idilər, gələcək arzuları var idi. Amma bir gün dünyaları
qaraldı. Artıq son zəng, buraxılış gecəsi, ilk sevgi-hamısı keçmişdə qalmışdı.
Müharibə arzularını darmadağın etmişdi.
Əlbəttə ki, müharibə qadın simalı deyil,
amma bu “adi qızlar” cəbhələrə lazım idi. Onlar qəhrəmanlığa hazır idilər, amma
qızlar bilmirdilər: Ordu nədir, müharibə nədir. Əvvəlcə 6 aylıq, daha sonra 3
aylıq kurslardan keçirdilər və artıq tibb bacıları, minaaxtarıcılar, təyyarəçilər
idilər. Artıq onların hərbi bileti vardı, amma hələ əsgər deyildilər. Cəbhə və
müharibə haqqında anlayışlar oxuduqları kitablardan ibarət idi. Buna görə də
ilk günləri, həftələri, ayları ağır idi. Partlayışlara, atəşlərə, ölü və
yaralılara öyrəşmək çətin idi.
Təbii ki, asanlıqla əsgər elminə yiyələnmədilər.
Əsgər çəkməsi və şineli geyinmək, formaya öyrəşmək, səngər qazmaq, qarın üstə
sürünmək tələb olunurdu. Qızlar əla əsgər
oldular. İgid və cəsur idilər. Onların
sayəsində
qələbə qazanıldı. Hər çətinliklərdən keçdilər ki, Vətənin gələcək
nəsilləri
rahat yaşaya bilsinlər. Amma qələbəni onlardan oğurladılar. Onları
damğaladılar, susdurdular, məhv etdilər. Bu isə adamı ağrıdır...
-Tarixdə ilk dəfə qadınlar orduda nə vaxt peyda olublar?
-Qadınlar artıq bizim eradan əvvəl IV əsrdə Afina və
Spartada yunan ordularında döyüşürdülər. Sonralar Makedoniyalı
İskəndərin yürüşlərində iştirak ediblər.Rus tarixçisi Nikolay Karamzin bizim əcdadlarımız barədə yazıb: "Slavyan qadınları bəzən öz ataları və ərləri ilə birgə müharibəyə gedir, ölümdən qorxmurdular. Belə ki, 626-cı ildə Konstantinopolun mühasirəsi zamanı yunanlar öldürülmüş slavyanlar arasında çoxlu qadın meyiti tapmışdılar. Ana uşaqlarını böyüdərkən onlara döyüşkən olmağı öyrədirdi".
-Bəs yeni dövrdə necə?
-İlk dəfə 1560-1650-ci illərdə İngiltərədə qadın hospitalları yaradılmağa başlayıb, burada əsgər-qadınlar xidmət edirdilər.
-Bəs XX əsrdə nələr baş verib?
-Əsrin əvvəlində...İngiltərədə qadınları Birinci dünya müharibəsi zamanı Kral hərbi-hava qüvvələrinə götürürdülər; qadınlardan ibarət Kral köməkçi korpusu və avtonəqliyyat legionu yaradılmışdı - burada 100 min qadın vardı.
Rusiya, Almaniya, Fransada da qadınlar hərbi hospitallarda və sanitar qatarlarında xidmət etməyə başladılar.
Lakin ikinci dünya müharibəsi zamanı dünya qadın fenomeninin şahidi oldu. Qadınlar artıq dünyanın bir çox ölkələrində bütün növ hərbi hissələrdə xidmət eləməyə başladılar: İngiltərədə 225 min, Amerika ordusunda 450-500 min, Almaniyada 500 min qadın vardı...
Sovet Ordusunda isə bir milyona yaxın qadın döyüşürdü. Onlar bütün hərbi ixtisaslara yiyələnmişdilər, o cümlədən, ən çətin "kişi" ixtisaslarına da. Hətta dil problemi də yaranmışdı: misal üçün "tankçı", "piyada", "avtomatçı" sözləri o zamana qədər qadın cinsinə aid deyildi, çünki bu işləri heç vaxt qadın görməmişdi. Qadın cinsinə aid sözlər orda-müharibədə doğuldu...
Tarixçiylə söhbətdən
Biz hələ həyatın nə demək olduğunu bilmədən həyat uğrunda ölürdük…
Hər şey haqqında ancaq kitablarda oxumuşduq.
Senzorla söhbətdən:
– Bu cür kitablardan sonra döyüşməyə kim gedər? Siz qadını primitiv naturalizm vasitəsilə alçaldırsınız. Qəhrəman qadını. Gözdən salırsınız. Onu adi qadına çevirirsiniz. Adi dişiyə. Halbuki onlar bizim üçün müqəddəsdirlər…
– Bizim qəhrəmanlığımız sterildir, o nə fiziologiya, nə də biologiya ilə hesablaşmaq istəmir. Ona inana bilmirsən. Halbuki təkcə ruh deyil, bədənlər də sınaqdan keçirilirdi. Maddi örtüyümüz…
– Bu fikirlər sizdə hardandır axı? Yad fikirlər… Sovet fikirləri deyil bunlar… Siz qardaşlıq məzarlarında olan adamları ələ salıb gülürsünüz. Remarkla başınızı xarab eləmisiniz, deyəsən… Bizdə remarkizm işə keçmir… Sovet qadını heyvan deyil…
***
…
“Müharibədən əvvəl mən hərblə bağlı olan hər şeyi sevirdim…. Kişi peşələrini…
Aviasiya məktəbinə müraciət etdim ki, qəbul qaydalarını göndərsinlər. Hərbi
forma mənə çox yaraşırdı. Sıranı, dəqiqliyi, komanda verilən zaman fasilələrlə
deyilən sözləri çox xoşlayırdım. Məktəbdən mənə cavab verdilər: “Əvvəlcə onuncu
sinfi bitirin”.
Əlbəttə,
müharibə başlayanda mənim xasiyyətli bir adam evdə otura bilməzdi. Amma məni cəbhəyə
də götürmürdülər… Heç bir hada… Çünki on altı yaşım vardı…. Hərbi komissar dedi
ki, müharibə yenicə başlayıb, indi biz uşaqları, həddi-buluğa çatmamış qızları
orduya götürsək, düşmən haqqımızda nə düşünər?
- Düşməni məhv etmək lazımdır…– dedim.
- Siz olmadan da məhv edərik..– dedi.
Mən
onu əmin etməyə çalışdım, dedim ki, baxın, boyum hündürdür, heç kim deməz ki,
on altı yaşım var, hamı mənə mütləq çox yaş verəcək… bunu dedim, sonra da
kabinetdə dayandım, çıxıb getmirəm: “Ora yazın ki, on altı yaşım yox, on səkkiz
yaşım var”. O isə: “Onu sən indi deyirsən,
amma sonra məni xatırlayanda nə deyəcəksən?”
Müharibədən
sonra hər şey dəyişdi… Artıq hərbi sahədə işləmək istəmirdim, nə isə
bacarmadım. Bircə üstümdəki bu “qoruyucu” geyimi tez çıxaraydım… Şalvara da…
indiyənə kimi nifrət edirəm… Daha meşəyə gedəndə belə şalvar geyinə bilmirəm.
Göbələk dalınca, çiyələk dalınaca… İndi adi, qadına yaraşan paltar geyinmək istəyirəm…”
Klara
Vasilyevna Qonçarova, sıravi, zenitçi
“Biz
müharibənin dərhal hiss etdik… Peşə məktəbini bitirdik və elə həmin gün də
“alıcılarımız” peyda oldu; hərbi hissələrdən yeni adamlar dalınca göndərilənləri
belə adlandırırdıq. Gələnlər hər zaman kişilər olurdu. Hər zaman da hiss
edirdik ki, bizə yazıqları gəlir. Biz onlara bir gözlə baxırdıq, onlar isə bizə
başqa gözlə: biz görsünlər, tez seçsinlər, özümüzü göstərə bilək deyə sıradan
irəli atılırdıq. Onlar isə yorğun idilər və bizə hara göndərildiyimizi bilən
insanlar kimi baxırdılar… Hər şeyi başa düşürdülər…
…Polkumuz
kişilərdən ibarət idi, cəmi iyirmi iki qadın vardı… Evdən iki-üç alt paltarı
götürdük, çox şey götürmək mümkün deyildi…
Həm də ondan əvvəl bizi bombardman etmişdilər, əynimizdə nə var idisə,
hansı paltarda qaça bilmişdiksə, elə onunla da yola düşdük. Kişiləri yolasalma
məntəqəsində geyindirdilər. Bizə isə geyinmək üçün heç bir şey yox idi… Amma
ayaq sarıqları verdilər, biz isə ondan özümüzə tuman da tikdik, büsqalter də…
Komandir xəbər tutdu, hamımızı danladı.
Yarım
il keçdi… Bu qədər ağır yüklərdən sonra artıq qadınlıqdan çıxmışdıq. Hətta bizdə
o da kəsilmişdi… Bioloji sikli deyirəm… Başa düşürsünüz də… Çox qorxulu idi.
Qorxurduq ki, artıq bir də heç vaxt qadın olmayacağıq…"
Mariya
Nesterovna Kuzmenko, baş serjant
“Biz
can atırdıq… İstəmirdik ki, haqqımızda yazsınlar: ”Ah, bu qadınlar!” Biz kişilərdən
daha çox çalışırdıq, çünki kişilərdən heç də pis olmadığımızı sübut etmək istəyirdik.
Amma bizə uzun müddət həm yuxarıdan aşağı baxırdılar… Həm də yumşaq münasibət
göstərirdilər: “Bu arvadlar döyüşəcəklər hə…”
Bəs
necə kişi olaydıq ki? Kişi olmaq mümkün deyildi. Bizim düşüncələrimiz – bir
cürdür, təbiətimiz isə – tamam başqa… Bizim biologiyamız fərqlidir…
Məsələn,
gedirik… İki yüz nəfər qız, arxadan isə iki yüz nəfər kişi… Çox istidir. İsti
bir yay… Marş addımlarıyla otuz kilometr… Otuz! Dəhşətli istidir… Və bizdən
sonra qumun üstündə qırmızı ləkələr qalır…. O məsələ də… Bizim məsələ… Belə bir
yerdə necə gizlədəsən ki? Əsgərlər arxamızca gəlir və özlərini elə aparırlar
ki, guya heç bir şey görmürlər… Ayaqlarının altına baxmırlar… Şalvarlarımız əynimizdəcə
quruyub, şüşə kimidi… Hər zaman da qanın
qoxusu duyulur.. Axı bizə bunun üçün heç bir şey vermirdilər… Biz güdürdük ki,
görək əsgərlər öz köynəklərini nə zaman kollardan asacaqlar…. Bir neçəsini
oğurlayırdıq… Onlar sonradan məsələnin nə yerdə olduğunu anlamışdılar:
gülüşürdülər: “Starşina, bizə başqa alt paltarı ver, qızlar bizimkiləri
götürüblər”. Pambıq və tənziflər yaralılara belə çatmırdı…. O ki qala… Qadın
alt geyimləri yəqin ki, hardasa müharibənin ikinci ilində verilməyə başlandı…
Bizim kişi tumanlarında, köynəklərində gəzirdik…. Çəkmələrində… Ayaqlarımız
bişirdi…
Gedirik… Çay keçidinə… orada bizi bərələr gözləyir…
çaya çatdıq elə bu vaxt bizi bombalamağa başladılar. Qorxulu idi… Kişilər kim
hara bacardısa – orda gizləndi. Bizi çağırırlar… Biz isə bomba səslərini
eşitmirik belə… Bombardman vecimizə də deyil… Bircə çaya atılmaq haqqında
düşünürük. Suya… Su! Su! Suyun içində oturduq, ta ki tam islanana kimi… Qəlpələrin
altında… Bax bu… Utanc hissi ölümdən
daha betərdir… Və bir neçə qız suyun içindəcə həlak oldu…
Bəlkə
də o zaman ilk dəfə idi ki, mən kişi olmaq istəyirdim… İlk dəfə…
Və
budur – qələbə… İlk vaxtlar küçə ilə gedirdim və inanmırdım ki, Qələbə
çalmışıq… Stol arxasında oturmuşam – inanmıram ki, Qələbədir! Qələbə! Bizim qələbəmiz!”
Mariya
Semyonovna Kaliberda, serjant, rabitəçi
“Artıq
Latviyanı azad edirdik… Biz Dauqavpils yaxınığına çatmışdıq. Həmin gecə təzəcə
uzanmağa hazırlaşırdım… Bir də eşitdim ki, növbətçi kimisə çağırır: “Dayan!
Kimdir gələn?” Və on dəqiqə sonra məni komandirin yanına çağırdılar. Komandir
qazmasına daxil oluram, orada yoldaşlarımız və mülkü geyimdə bir nəfər vardı… Mən
həmin adamı çox yaxşı xatırlayıram. Çünki bütün bu illər boyu ancaq hərbi
geyimldə, şineldə olan kişiləri görürdüm…. Bu adam isə yaxası xovlu qara
paltoda idi…
- Bizə sizin köməyiniz lazımdır, – bu kişi
mənə dedi, – Buradan iki kilometrlik məsafədə arvadım doğur… O təkdir, evdə
ondan başqa heç kim yoxdur.
Komandir
məndən soruşdu:
- Bilirsiniz də, bu neytral xəttdədir.
Özünüz də başa düşürsünüz ki, təhlükəsiz deyil…
- Qadın doğur, deməli, ona kömək etməliyəm.
Mənə
beş nəfər avtomatçı verdilər. Sarğı materiallarının olduğu çantamı topladım,
özümlə götürdüm. Getdik. Dayanmadan güllə atırdılar, - gah bizə gəlib çatmır, gah da başımızın
üstündən keçirdi… Meşə elə qaranlıq idi ki, heç ay belə görünmürdü… Nəhayət,
hansısa bir tikilinin silueti görünməyə başladı… Bu xutor idi. Evə girdiyimiz
zaman bir qadın gördüm. Yerdə uzanmışdı – köhnə cır-cındırın üstündə…. Əri o dəqiqə
pəncərələrin pərdəsini çəkdi. İki avtomatçı həyətdə durdu, ikisi – qapının
ağzında, ikisi də fənərlə mənə işıq salırdı… Qadın iniltilərini çox çətinliklə
boğurdu…
Mən
ona yalvarırdım:
- Dözün, əzizim, qışqırmaq olmaz… Qışqırmaq
olmaz… Dözün…
Axı
bura neytral zona idi. Əgər düşmən nəyinsə fərqinə varsaydı, üstümüzə mərmi
yağacaqdı… Amma əsgərlər uşağın doğulduğunu eşidəndə… “Ura! Ura!” Amma sakitcə…
Demək olar ki, pıçıltı ilə… Ön cəbhədə uşaq doğuldu axı…
Su gətirdilər…
Qaynanmış su heç yerdə yox idi, uşağı soyuq su ilə təmizlədim… Ayaq sarıqlarımı
çıxarıb onunla bükdüm… Evdə ananın üstündə uzandığı köhnə əski-üsküdən başqa heç nə yox idi…
Və mən
bir neçə gün gecə həmin xutora gedib-gəldim.
Geri çəkildiyimiz zaman sonuncu dəfə getdim. Sağollaşmaq üçün:
- Sizin yanınıza daha gələ bilməyəcəyəm.
Çıxıb gedirəm.
Qadın
ərindən latış dilində nə isə soruşdu. O da mənə tərcümə elədi:
- Arvadım soruşdu ki, adınız nədir?
- Anna.
Qadın
yenə nə isə dedi. Kişi yenə də tərcümə
elədi:
- O deyir ki, çox gözəl addır. Sizin şərəfinizə
qızımızın adını Anna qoyacağıq.
Qadın
bir az dikəldi – hələ ki ayağa qalxa bilmirdi – və sədəfdən düzəldilmiş gözəl
bir pudra qabını mənə uzatdı… Görünür, bu onun ən dəyərli əşyası idi. Qabı
açdım… Ətrafda atəş açıldığı, mərmi partladığı bir gecədə pudra ətri…. Bu nə isə
demək idi… Mən elə indi də ağlamaq istəyirəm. Pudranın qoxusu, o sədəf qab…
Balaca uşaq… Bu evlə bağlı bir şeyi idi… Əsl qadın həyatından olan bir şey…”
Anna
Nikolayevna Xroloviç, qvardiya leytenantı, feldşer
0 comments :
Post a Comment