Quruluş
etibarilə müstəqil və etnik olaraq homogen Ukraynanın təbliğatını və
davasını aparan OUN-in ilk hədəfində Polşa vardı. İlk sensasiya 1934-cü ildə
Polşa Daxili İşlər Naziri Bronislav Perastkiyə sui-qəsd oldu.
Bandera və Lebed nasistlər 1939-cu ildə Polşanı işğal etdiyində qaçmağı bacardılar.
UKRAYNA MİLLƏTÇİ HƏRƏKATININ İNKİŞAFI
Birinci Dünya Müharibəsindən sonra Polşanın müstəqillik elan etməsi Şərqi Qalisiya torpaqlarında təzyiqi yüksəltdi. 1918-ci ildə Pavel Skoropadski liderliyində Lvovdakı dövlət çevrilişi və özəlliklə Riqa müqaviləsində Qalisiyanın Polşaya verilməsi gələcəkdə yaşanacaq münaqişələrin xəbərçisi oldu.
Amma
Polşa höküməti ukraynalı azlığı tamamilə basdırmadı. “Azlıqlar müqaviləsi”nə
riayət etməklə ukraynalı azlığın hüquqlarına zəmanət verdi. Əvvəlcə bəzi güzəştlər
edildi və ukraynalılar öz mətbuatlarını və siyasi partiyalarını yaradıb fəaliyyət
göstərdilər.
Bu,
çox davam etmədi. Polşadakı koalisiya hökumətləri “Azlıqlar müqaviləsi”nin müddəalarını
getdikcə daha çox pozmağa başladılar və Ukraynada məktəblərdə və yerli hakimiyyət
orqanlarında “Polonizasiya” siyasətini həyata keçirməyə başladılar. Buna cavab
olaraq ukraynalılar getdikcə daha çox hərbiləşdilər. 1920-ci ildə fəaliyyətə
başlayan Ukrayna Hərbi Təşkilatı (UVO) Polşa prezidenti Yozef Pilsudskiyə sui-qəsd
etməyə cəhd etdi.
Şərqi Qalisa və Volin kimi ukraynalıların çoxluq olduğu torpaqlar polşalıların doldurulması ilə “Polonizasiya” siyasəti parçalanmanı daha da dərinləşdirdi. Bu, Polşa hakimiyyətinə qarşı çıxan millətçi qruplara azlıq dəstəyinin artmasına səbəb oldu. OUN belə bir siyasi atmosferdə quruldu.
NASİSTLƏRLƏ ƏMƏKDAŞLIQ PROSESİ
1939-cu
ildə imzalanmış Almaniya-SSRİ paktına uyğun olaraq Şərqi Qalisiya və Volin
SSRİ-nin nəzarətinə keçdi. Bundan sonra OUN öz ümidlərini nasistlərə bağlamağa
başladı. 1939-cu ilin sonlarında nasistlər OUN liderlərini əvvəlcə Krakovda,
sonra Varşavada yerləşdirdilər.
Tarixçi
Dr. Volodimir Serhiyçukun sözlərinə görə 1939-cu ildə Ukraynanın iki vilayəti (şərq
və qərb) arasında sərhəd ləğv edildikdə OUN şərqdə fəaliyyətini inkişaf etdirmək
imkanı əldə etdi. 1940-cı ildə NKVD Şərqi Ukraynada OUN komissarlarını həbs etməyə
başladı.
1940-cı
ildə OUN daxilində parçalanma baş verdi. Andrey Melnikin başçılıq etdiyi köhnə
qanad (OUN-M) tələsmədən Ukraynanın müstəqilliyi üçün almanlarla sıx əməkdaşlıq
etməyi qarşısına məqsəd qoymuşdu. Bandera fraksiyası (OUN-B) Ukraynanın müstəqilliyini
dərhal istəyən qrup idi.
Mərkəzi
Kəşfiyyat İdarəsinin 1951-ci ilə aid hesabatına görə, OUN-un yaradıcılarından
biri olan Bandera 1930-cu illərdə Abver (Nasist hərbi kəşfiyyatı) adına “II Konsul”
kod adı altında casusluq və təxribat fəaliyyəti həyata keçirirdi. Bəzi
iddialara görə Andrey Melnik eyni illərdə Abverin “I konsul”u olub.
Nasistlər
22 iyun 1941-ci ildə SSRİ-ni işğal etdikdən sonra Bandera başçılıq etdiyi OUN
bölmələri Şərqi Qalisiyaya köçdü.
30 iyun 1941-ci ildə Bandera Şərqi Qalisiyanın paytaxtı Lvova çatanda onun sağ əli Yaroslav Stetsko OUN-B adına "suveren və vahid" Ukrayna dövlətini elan etdi. Stetsko yeni qurulan müstəqil Ukraynanın baş naziri, Mikola Lebed isə (o dövrdə Zakopane Gestapo mərkəzində təlim alırdı) müdafiə naziri təyin edildi.
Ukrayna millətçilərini öz mənfəətləri üçün istismar etməyə qərarlı olan nasistlər Bandera və Stetskodan müstəqillik bəyannaməsini geri götürmələrini tələb etdilər. Bandera və Stetsko bu tələbi rədd etdi, nasistlər tərəfindən həbs edildi və əvvəlcə Berlində ev dustaqlığına salındılar.
Təlim
aldığı Gestapo qərargahından qaçmağı bacaran “OUN-B” liderlərindən biri olan
Lebed o zaman qeyri-qanuni şəraitdə fəaliyyət göstərən təşkilatın rəhbəri oldu.
Nəhayət, “OUN-B” 1942-ci ildə partizan təşkilatı olan Ukrayna Üsyan Ordusuna (UPA)
hakim oldu. Bu hadisə ukraynalılar arasında gərginliyə səbəb oldu. Bəziləri
OUN-B qrupunun UPA-nın həqiqi liderlərini edam etməklə təşkilatı ələ
keçirdiyini iddia edirdilər.
1944-cü
ildə UPA tamamilə OUN-B hökmranlığı altına girdi, lakin bütün UPA milisləri
OUN-B üzvlərindən ibarət deyildi.
Digər
tərəfdən nasist iqtidarı ilə OUN-B arasındakı əlaqə mürəkkəb idi. Əvvəldən
Ukrayna millətçilərinin müstəqillik layihələrinə qarşı çıxan nasistlər bir tərəfdən
Lebedin başına mükafat qoydular, digər tərəfdən UPA milisləri Vermaxtın təşkil
etdiyi yəhudi qırğınlarında iştirak etdilər.
1941-ci
ilin aprelində banderistlər bəyanət verərək SSRİ-dəki yəhudilərin bolşevik
rejiminin ən qatı tərəfdarları olduğunu, Ukraynada yaşayan yəhudilərin isə rus
imperializminin uzantıları olduğunu elan etdilər.
1941-ci
ilin iyulunda Almaniyada ev dustağı olan Stetsko belə bir açıqlama verdi: “Moskvanın
Ukraynanı kölələşdirməsinə kömək edən yəhudilərin zərərli və düşmən rolunu tam
bilirəm. Ona görə də Ukraynada yəhudilərin məhv edilməsinin və bu prosesdə
alman üsullarından istifadə olunmasının tərəfdarıyam.”
Yenə
həmin il Lvovda paylanan vərəqələrdə OUN üzvləri tərəfindən aşağıdakı ifadələr
alındı: “Şərqi Qalisiyanı işğal edərkən Stalini çiçəklərlə qarşıladınız.
Başınızı Hitlerə təqdim edəcəyik.”
1943-cü
ildə OUN-B qrupu Sovetlər və nasistlərin 1918-ci ildə olduğu kimi bir-birini
yeyib Ukraynanı tərk edəcəklərini düşünürdü. Aprel ayında Lebed “polyakları
bütün inqilabi torpaqlardan təmizləməyi” təklif etdi. Beləliklə, yenidən diriləcək
Polşa dövləti 1918-ci ildə olduğu kimi Qərbi Ukraynaya iddia qaldıra bilməzdi. Bu
siyasət nəticəsində 11 iyul 1943-cü ildə UPA milislərinin basqın etdiyi Qərbi
Ukraynanın 80 yaşayış məntəqəsində təxminən 10 min polyakın öldürüldüyü barədə
məlumat var.
1944-cü ilin iyulunda Qırmızı Ordu Qərbi Ukraynaya doğru irəlilədi və Lvov üzərində nəzarəti ələ keçirdi. Bu prosesdə OUN-B və UPA Sovetlərə qarşı genişmiqyaslı partizan müharibəsi aparırdılar. Banderistlər, təbii ki, nasistlərlə əməkdaşlığı davam etdirirdilər.
İyulda
ukraynalı millətçilər Karpat dağlarında Ukrayna Ali Azadlıq Şurasını (UHVR)
yaradıblar. UHVR-də dominant tərəf OUN-B qrupu idi. 1944-cü ilin sentyabrında
almanlar Bandera və Stetskonu Zaksenhauzendən təxliyə etdilər. Berlin həm OUN
fraksiyaları, həm də digər Ukrayna liderləri ilə birlikdə Ukrayna Milli Komitəsini
yaratmağa ümid edirdi. Komitə noyabrda yaradılıb, lakin Bandera və Stetsko əməkdaşlıqdan
imtina etdilər.
İKİNCİ
DÜNYA MÜHARİBƏSİNDƏN SONRA
1947-ci
ilə qədər Almaniya, Avstriya və İtaliyada təxminən 250 min OUN üzvü və ya tərəfdarının
yaşadığı təxmin edilir. 1947-ci ildən sonra UPA milisləri Çexoslovakiya üzərindən
ABŞ-a köçməyə başladılar.
İkinci
Dünya Müharibəsindən sonra Avropada yaradılmış Ukrayna qaçqın düşərgələri millətçi
düşüncə və təbliğatın yayıldığı ərazilərə çevrildi. Bundan əlavə 1946-cı ilin
fevralında Bandera bu düşərgələrdə təşkilatlanmaq üzrə “OUN-B”nin xaricdəki
uzantısı olan “OUN-Z”ni qurdu. “OUN-Z” qrupu başda “OUN-B” ilə eyni siyasi xəttə
və nizam-intizama malik idi.
ABŞ Ordusu
Əks Kəşfiyyat Korpusunun (CIC) müşahidəçilərinə görə, OUN-Z qrupu düşmənlərinə
qarşı müntəzəm olaraq qorxutma və terror siyasəti tətbiq edirdi. CIC
hesabatlarında Bandera "son dərəcə təhlükəli" kimi təsvir edilir,
çünki Bandera Almaniyada ukraynalı rəqiblərinə qarşı zorakılığa əl atmaqdan çəkinmirdi.
1944-cü ilin iyulunda Qırmızı Ordu Lvovu ələ keçirməzdən əvvəl UHVR Vatikan və Avropa hökumətləri ilə əlaqə qurmaq üçün yüksək vəzifəli şəxslərdən ibarət bir nümayəndə heyətini vəzifələndirdi. Nümayəndə heyəti Ukrayna Ali Azadlıq Şurasının (ZP/UHVR) Xaricdəki Nümayəndəliyi kimi tanınırdı. Ata İvan Hrinioç nümayəndə heyətinin rəhbəri təyin edildi və heyətdə Xarici İşlər Naziri olaraq Mikola Lebed, UPA adından isə Yuri Lopatinski yer alırdı.
Hrinioç
1940-cı ildə Bandera və Lebedlə birlikdə Krakovda olmuş ukraynalı katolik keşişdir.
Həmin vaxt o, OUN adından Lvov arxiyepiskopu Andrey Şepstitski ilə Vatikandakı
Şərqi Katolik Kilsəsinin nümayəndəsi İvan Buçko arasında əlaqə qurmaq vəzifəsini
öz üzərinə götürdü.
Nasistlər
Şərqi Qalisiyanı işğal edərkən Hrinioç Reyxfürer-SS tərkibində "yəhudi mütəxəssisi"
kimi tanınan Fritz Arlt ilə əlaqə saxladı. Arlt sonradan Hitlerin şəxsi vəkili
olacaq Hans Frankın rəhbərliyi altında işləyirdi.
1944-cü ildə UHVR tərəfindən dərc edilmiş manifestdə “Ukraynanın siyasi suverenliyini və siyasi sistemini müəyyən edən demokratik quruluşu dəstəkləyən, ideoloji oriyentasiyasından və ya bağlantılarından asılı olmayaraq bütün öndə gələn siyasi ünsürlərin birləşməsi” çağırışı yer alırdı.
UHVR
daha sonra Bandera daxil Qərbi Ukraynadakı şovinistlərin Ukrayna dövlətini dini,
təkpartiyalı və totalitar təməl əsasında qurmağa meylli cəhdlərini rədd edəcəcəyini
açıqladı. Buna səbəb kimi Şərqi Ukraynadakı millətçilərin belə bir siyasi
anlaşmanı qəbuledilməz hesab etmələri göstərildi.
1947-ci
ildə Bandera-Stetsko və Hrinioç-Lebed arasında münaqişə baş verdi. Bandera və
Stetsko təkpartiyalı hakimiyyətdə və Banderanın prezidentliyində israr edirdilər.
Hrinioç və Lebed UHVR-nin Bandera deyil, vətəndaşlar tərəfindən yaradıldığını və
Banderanı heç vaxt diktator kimi qəbul etməyəcəklərini açıqladı.
1948-ci
ilin avqustunda keçirilən OUN-Z konqresində Bandera Hrinioç-Lebed qrupunu
OUN-dan təmizlədi və ardıcıllarını “OUN-Z”dən istefa verməyə çağırdı. Bu müddət
ərzində Bandera OUN-un 80 faizinə hakim ola bildi və millətçi hərəkatı mühacirətə
yönəltmək üçün xüsusi səlahiyyətlər tələb etdi. Bundan əlavə, Bandera Qərbi Ukraynada
müxalif ukraynalı liderlərinə qarşı terror fəaliyyətini davam etdirdi və ukraynalı
miqrant təşkilatlarını nəzarətə götürmək üçün müxtəlif manevrlər edib. ABŞ kəşfiyyat
rəsmilərinin məlumatına görə, Şərqi Qalisiyadakı ukraynalı mühacirlərin təxminən
80 faizi Banderaya sadiq idi. Lakin bütün bunlara baxmayaraq, Lebed, Hrinioç və
Lopatinkiy xaricdə rəsmi UHVR nümayəndələri olaraq qaldılar.
Bu siyasi bölünmüşlük şərtlərində Qərb üsusi xidmət orqanları bir tərəf seçməli idilər.
ABŞ kəşfiyyatı
Bandera ilə ilk dəfə 1945-ci ilin sentyabrında maraqlanmağa başladı. UPA milisləri
Almaniyadakı ABŞ ərazisinə yollanarkən ABŞ kəşfiyyatı da Qərbi Ukraynadakı hərbi
vəziyyət və UPA bölmələrinin strukturu ilə bağlı araşdırmalar aparırdı.
UPA
milislərinin 1947-ci ildə ABŞ nəzarətindəki bölgəyə axışı Polşa ordusunun ölkənin
cənub-şərqində UPA-nı yox etmək üçün başlatdığı “Vistula əməliyyatı” ilə sürətləndirilmişdi.
UPA milislərinin əksəriyyəti Bandera tərəfdarı idilər. Bəzi mənbələr 1947-ci ilin sentyabrında düşərgələrdəki ukraynalı qaçqınların UPA milisi olaraq keçmiş SS zabiti Anton Eyxner tərəfindən təlim aldıqlarını iddia edir.
İkinci
Müharibədən sonra banderistlər özlərini “rus təbliğatının böhtanına məruz qalmış,
nasistlərə və sovetlərə müqavimət göstərən qəhrəmanlar” kimi göstərməyə
başladılar. Bu prosesdə Banderanın nasistlər tərəfindən tutulması və onun
Zaksenhauzendə həbs edilməsi presedent kimi göstərildi. Hətta daha da irəli gedərək
Banderanın təkcə Ukrayna üçün deyil, bütün Avropa üçün vuruşduğunu iddia etdilər.
Bununla belə, ABŞ kəşfiyyat rəsmiləri müharibə zamanı etnik təmizləmədə banderistlərin rolunu ört-basdır etdilər. Digər tərəfdən ABŞ kəşfiyyatı Şərqi Avropadakı ukrayna qaçqın düşərgələrində fəaliyyət göstərən sovet agentlərinin yerini müəyyən etmək üçün UPA könüllülərindən istifadə edirdi. UPA lideri Yuri Lopatinski 1947-ci ilin oktyabrında sovet casuslarını tapmaq üçün Deqqendorf düşərgəsinə getmişdi.
1947-ci ilin noyabrında Berlindəki sovet hərbi rəsmiləri ABŞ ərazisində UPA üzvlərinin ekstradisiya edilməsində təkid etdilər. ABŞ kəşfiyyatı isə bu tələbin anti-bolşevik qüvvələrin illərdir əldə etməyə çalışdığı ABŞ etibarını məhv edə biləcəyindən narahat idi.
Çox
keçmədi ki, SSRİ Banderanın ABŞ ərazisində olduğunu öyrəndi və sovet agentlərinin
1946-cı ilin iyununda Banderanı qaçırmaq üçün ABŞ ərazisinə daxil olduqları
deyilir.
Bundan
əlavə, Bandera ilə maraqlananlar arasında Britaniya kəşfiyyatı (MI6) da var idi.
MI6 1948-ci ilin aprelində Gerhard fon Mende vasitəsilə Bandera ilə əlaqə
saxladı. Riqadan olan alman fon Mende Alfred Rozenberqin rəhbərlik etdiyi “Ostministerium”un
(Reyxin işğal altındakı şərq bölgələri nazirliyi)) Qafqaz və Türküstan şöbəsinin
rəisi idi. Bu şöbənin yaradılmasında məqsəd SSRİ-də müsəlmanları bolşevik idarəsinə
qarşı üsyana hazırlamaq idi. Bu tapşırığı yerinə yetirərkən fon Mende UPA-nın
imkanları və işləmə qabiliyyəti haqqında da məlumatlandırıldı.
1949-cu
ildə Mİ6 Banderanın öz casuslarını Qərbi
Ukraynaya göndərməkdə kömək etdi.
1950-ci ildə isə bu casusları Qərbi Ukraynadan kəşfiyyat məlumatı verə biləcəkləri
ümidi ilə hazırlamağa başladı.
Lakin
CIA və ABŞ Dövlət Departamenti rəsmiləri Bandera ilə əməkdaşlığa açıq şəkildə
qarşı çıxdılar. 1950-ci ilə qədər CIA Hrinoç-Lebed qrupu ilə işləyirdi və UHVR
ilə əlaqə saxlamaq üçün öz casuslarını Qərbi Ukraynaya göndərməyə başladı.
Bandera indi UHVR-nin dəstəyini və hətta Ukraynadakı OUN partiyasının rəhbərliyini
itirmişdi. 1951-ci ilin aprelində CIA rəsmiləri Mİ6-nı Banderadan dəstəyi geri
çəkməyə çalışdılar, MI6 bundan imtina etdi.
Bandera
keçmiş Polşa torpaqlarında, xüsusən də sovet torpaqlarında gənc nəslin zehniyyətini
dəyişdirməkdə diqqətəlayiq uğur qazandı, lakin artıq funksional deyildi. CIA
üçün ən yaxşı həll Banderanın ləğvi idi.
Və
Bandera vasitəsilə Britaniyanın Ukraynadakı əməliyyatları genişləndi. 1954-cü
ilin əvvəlinə aid bir hesabatda deyilir ki, bu əməkdaşlığın (Bandera ilə) əməliyyat
aspekti qənəətbəxş şəkildə inkişaf etmişdi. Bandera terror təcrübəsinə sahib,
professional yeraltı ünsürü idi. Onu vazkeçilməz qılan da bu idi.
Bandera
Münhendə qaldı və öz casuslarını təkbaşına yetişdirməyə davam etdi. O,
anti-Amerika ritorikasını yayan və digər ukraynalı mühacir qəzetlərinə hücum edən
bir qəzet nəşr etdi. Bundan əlavə, Bandera ABŞ-ın Avropadakı hərbi və kəşfiyyat
idarələrinə sızmağa cəhd edərək ABŞ üçün işləyən ukraynalıları qorxutmağa çalışdı.
Bu
arada Bandera Ukraynaya casuslar göndərməyə davam edib və onların maaşlarını
saxta pullarla ödədi. Lakin Amerika kəşfiyyat rəsmiləri Banderanı susdurmaq əzmində
olsalar da, Sovetlərin onu qaçırıb və öldürməsinə əsla icazə verilməməsi barədə
qərar aldılar.
Bandera isə yeni sponsorlar axtarırdı. 1956-cı ilin əvvəlində qısa bir müddət ərzində İtaliya Hərbi Kəşfiyyatı (SIFAR) Banderanı dəstəklədi. Elə həmin il Bandera nasist hərbi kəşfiyyatının SSRİ/Şərq üzrə məsul olan Reynhard Gelenin rəhbərlik etdiyi Qərbi Almaniya kəşfiyyatı olan BND ilə yeni əlaqələr qurdu. Əslində Gelenin yüksək səviyyəli zabitləri müharibə zamanı SSRİ-ni parçalamağın yeganə yolunun millətçi qrupları dəstəkləmək olduğunu müdafiə edirdilər.
Banderanın BND ilə şəxsi əlaqəsi müharibənin son illərində Gelenin “Fremde Heere Ost”dakı (Şərq bölgəsinin hərbi kəşfiyyat xidməti) keçmiş köməkçisi və müharibədən sonra Gelenin ən yaxın müşaviri olmuş Haynz Danko Herre idi. Münhendəki CİA rəsmiləri isə Banderaya qarşı xəbərdarlıqlarını davam etdirərkən, Herre əməkdaşlıqdan vaz keçmədiyini açıqladı: “Banderanı 20 ilə yaxındır tanıyırıq. Onun Almaniya daxilində və xaricində yarım milyondan çox izləyicisi var.”
1959-cu
ilin sentyabrında Herre dedi ki, BND Sovet Ukraynasından kəşfiyyat axınını bərpa
edib. Bu arada Bandera 1955-ci ildən ABŞ-dakı ukraynalı tərəfləri, Dövlət
Departamenti və CIA rəsmiləri ilə görüşmək üçün ABŞ vizası almağa çalışırdı.
Herre
düşünürdü ki, Qərbi Almaniyanın köməyi ilə veriləcək viza Banderanın ABŞ-la
münasibətlərini yaxşılaşdıracaq. BND vasitəsilə CİA-nın etimadını qazanan
Bandera 1959-cu ilin oktyabrında Münhendə CIA rəsmilərindən ABŞ vizası üçün
icazə almağı bacardı.
On gün sonra Bandera Münhendə Boqdan Staşinski adlı KQB casusu tərəfindən sianid tozu püskürdən xüsusi silahla öldürüldü. İllər əvvəl Banderanın təşkilatına və BND-yə sızan Sovetlər belə qənaətə gəldilər ki, Banderanın ölümündən sonra alman kəşfiyyatı ilə ukraynalı millətçilər arasında daha bir ittifaq yaradıla bilməz. Edamdan sonra OUN-B qrupu fəaliyyətini davam etdirdi, lakin DTK təşkilatın ən yüksək eşelonlarına nüfuz etdi. Herre isə 1961-ci ilə qədər Banderanın adamları ilə əlaqə saxladı.
ABŞ
VƏ MİKOLA LEBED
Lebedin CIA ilə əlaqələri Soyuq Müharibə boyu davam etdi. 1945 və 1946-cı illərdə Strateji Xidmətlər Bölməsi (SSU) ilə Hrinioç-Lebed qrupu arasında əlaqə yaratmaq cəhdləri qarşılıqlı inamsızlıq səbəbindən uğursuzluğa düçar oldu.
1946-cı ilin dekabrında HrinioÇ və Lopatinski casus hazırlığı, pul və silah üçün ABŞ-dan kömək istədilər. Onlar öz növbəsində ABŞ üçün Ukraynada kəşfiyyat şəbəkələri yaradacaqdılar.
SSU-nun
Vatikanda təmaslarını koordinasiya edən macar əsilli jurnalist Zsolt Aradi əlaqələri
təsdiqləyib. Bu arada, Aradi qeyd edib ki, UHVR, UPA və OUN ukraynalılar
arasında yeganə böyük və nüfuzlu təşkilatdır və Hrinioç, Lebed və Lopatinski
"qətiyyətli və bacarıqlı adamlardır".
1947-ci
ilin iyul ayında CIC hesabatında Lebedə "məşhur sadist və alman əməkdaş"
kimi istinad edilir.
SSU əvvəlcə
Hrinioç-Lebed qrupunun təklifini rədd etsə də, Romadakı CIC bu təklifi qəbul
etdi və Lebed və Ukraynanın immiqrasiya təşkilatları sovetlərin ABŞ bölgəsindəki
fəaliyyəti haqqında məlumat verdilər.
Bundan
əlavə, Hrinioç CIC müxbiri kimi fəaliyyətə başladı. 1947-ci ilin noyabrında
Hrinioç Bandera adından ABŞ hakimiyyət orqanlarından Sovetlərin ekstradisiya tələblərindən
qorunmaq üçün Lebedi Romadan Münhenə köçürməyi xahiş etdi. Münhendəki CIC
Hrinioçun etimadını qazanmağa və Bandera ilə görüş təşkil etməyə ümid edirdi.
ABŞ
ordusu dekabr ayında Lebedi və ailəsini Münhenə köçürüb. Bu arada Lebed müharibə
dövrünü, Bandera qrupunu və UPA-nın almanlar və sovetlərlə mübarizəsini təsvir
edən 126 səhifəlik kitab yazdı.
1948-ci
il Berlin blokadası və Avropada müharibə təhlükəsi CİA-nı sovet mühacir
qruplarını yoxlamağa sövq etdi. ICON Layihəsi çərçivəsində CİA 30 qrup üzərində
işlədi və kəşfiyyat şəbəkəsi yaratmaq üçün Hrinioç-Lebed qrupu ilə əməliyyat əməkdaşlığı
təklif etdi.
Bandera ilə müqayisədə Hrinioç-Lebed Sovet Ukraynasında ən sıx yeraltı əlaqələri olan CİA üçün mülayim, sabit və əməliyyat baxımından etibarlı qrup idi. Müharibə başlayanda sovet cəbhələrinin arxasında “müqavimət” və kəşfiyyat qrupunun olması vacib idi. Bundan sonra CIA UPA üçün hər cür yardımı səfərbər etdi. Silah, texnika, pul, radio verilişləri kimi. Hrinioç Münhendə qaldı, lakin Lebed Nyu-Yorka köçdü və daimi iqamət statusu, sonra ABŞ vətəndaşlığı aldı.
“PROLOG” NƏŞRİYYATI
1953-cü
ildən başlayaraq CİA Nyu-Yorkda Lebedin rəhbərliyi altında işçi qrupu yaratdı.
Bu qrupun əsas məqsədi Ukrayna ədəbiyyatını və tarixini nəşr etmək üçün
kitablar, qəzetlər, bülletenlər və radio proqramları kimi təbliğat materialları
hazırlamaq idi. 1956-cı ildə kommersiya güdməyən
“Proloq Tədqiqat və Nəşriyyat Tərəfdaşlığı” olaraq rəsmən quruldu.
“Prolog”un yaradılma prosesi, missiyası və maliyyələşdirilməsi ilə bağlı təfərrüatlar CIA-nın 15 fevral 1967-ci il tarixli sənədlərində tapıla bilər.
"Prolog"un vergiyə cəlb edilməməsi üçün CİA gəlir mənbəyi kimi “şəxsi ianələri” göstərib. Nyu-York əyalətinin hakimiyyət orqanlarından yayınmaq üçün CİA “Prolog”u özəl müqaviləli qeyri-kommersiya təşkilatına çevirdi.
Hrinioç Münhendə "Ukrainische-Gesellschaft für Auslandsstudien" ofisini açıb “Prolog”un Avropa tədqiqatlarını həyata keçirtdi. Hrinioç-Lebed qrupu indi bütün siyasi fəaliyyətlərini “Prolog” vasitəsilə həyata keçirməyə başladı və “Prolog”da işləyənlərin demək olar ki, hamısı CİA əməliyyatında işlədiklərindən xəbərsiz idi.
Əvvəlcə Afinadan “Nova Ukrayniya” adlı radio yayımı başladı. Sonra "Suçasna Ukrayniya” qəzeti təsis edildi. “Suçasnist” adlı ədəbi jurnal nəşr olundu, digər nəşrlər Ukraynanın kitabxanalarına, mədəniyyət müəssisələrinə, inzibati idarələrə və ayrı-ayrı şəxslərə göndərildi.
Təkcə
1957-ci ildə CİA dəstəyi ilə “Prolog” ayda 70 saat olmaqla 1200 radio proqramı
yayımladı, 200 min qəzet və 5 min broşür nəşr etdi. Sonrakı illərdə “Prolog”
millətçi ukraynalı yazıçı və şairlərin kitablarını nəşr etdi.
“Prolog”
kəşfiyyat işinə 1950-ci illərin sonlarında sovet səyahət məhdudiyyətləri
yumşaldıldığı zaman başladı. Bu, immiqrant ukraynalı tələbələrə və alimlərə
akademik konfranslarda, beynəlxalq gənclik festivallarında, musiqi və rəqs
tamaşalarında, Roma Olimpiadalarında və s. iştirak etmək imkanı verdi. “Prolog”un
heyəti həmçinin Sovet Ukraynasının vətəndaşları ilə ünsiyyət qurmaq imkanı əldə
etdi. “Prolog”un liderləri və nümayəndələri qayıtdıqları zaman CIA ilə məlumat
paylaşdılar. Təkcə 1966-cı ildə “Prolog”un əməkdaşları 227 sovet vətəndaşı ilə əlaqə
saxladılar.
1960-cı
illərin əvvəllərində “Prolog”un tərkibinə CİA tərəfindən təlim keçmiş Anatol
Kaminski adlı bir adam da daxil idi. 1966-cı ildə Kaminski Lebedlə birlikdə “Prolog”un
direktorlarından biri oldu. 1960-cı illərdə Proloqun liderləri Ukrayna siyasəti,
dissident ukraynalı şairlər, KQB-yə bağlı şəxslər, KQB məmurlarının kimliyi,
Ukraynanın qərbində sovet raketləri və təyyarələri və digər bir çox mövzu
haqqında hesabat yayımladılar.
“Prolog” layihəsi dissident Sovet vətəndaşı ukraynalılar üzərindəki CİA-nın ən təsirli əməliyyatlardan biri idi. Lebed eyni zamanda Banderist dövrünün sərt antisemitist ritorikasını da tərk etdi.
Lebed 1975-ci ildə təqaüdə çıxdı, lakin “Prolog” və ZP/UHVR məsləhətçisi olaraq qaldı. 1978-ci ildə ukraynalı jurnalist Roman Kupçinski Proloqun yeni direktoru oldu. 1977-ci ildə prezident Karterin milli təhlükəsizlik üzrə müşaviri Zbiqnev Bjezinski “Prolog”un genişləndirilməsinə kömək etdi.
1980-ci illərdə “Prolog” digər sovet xalqlarını əhatə etmək üçün öz işini genişləndirdi və istehzalı olaraq, bunlara dissident sovet yəhudiləri də daxil idi. 1990-cı ildə SSRİ-nin dağılma ərəfəsində olması ilə missiya 1,75 milyon dollarlıq yekun ödənişlə bağlandı.
0 comments :
Post a Comment