1700-cü illərdə artan arxeoloji qazıntıların
təsiri və barokko cərəyanının həddindən artıq bəzəkliyinə göstərilən
reaksiyalar antik yunan və Roma dövrünə, həyatına, hekayələrinə, geyimlərinə, məkanlarına,
dekorasiyalarına marağı artırmış, ilk olaraq İtaliyanın Roma şəhərində başlayan
neoklassik incəsənətini doğurmuş, cərəyan İtaliyadan əvvəl Almaniyaya, daha
sonra da digər Avropa ölkələrinə yayılmışdı.
Neoklassisizm cərəyanının İngiltərədəki ən önəmli
rəssamlarından biri olan Con Uilyam Qodvard maliyyə sektorunda çalışan londonlu
tanınmış məmur olan Con Qodvard (1806-1904) və yoldaşı Sara Eborollun
(1836-1935) dörd oğlan, biri qız, 5 uşağın ən böyüyü olaraq 9 avqust 1861-ci
ildə Uimbldonda dünyaya gəlmişdi.
Uşaqlığından etibarən rəsmə və incəsənətə
maraq göstərən Con Uilyamın rəssam olmaq arzusu despot atası və ailəsi tərəfindən dəstəklənməmiş, ancaq onlara rəğmən memarlıq dizaynı təhsilinin ardınca 1882-ci
ildə yenə özü kimi neoklassik incəsənətinin İngiltərədəki ən önəmli təmsilçilərindən
biri olan ser Lourens Alma-Tademanın təşviqi və hamiliyi sayəsində Krallıq İncəsənət
Akademiyası ilə tanış olmuş, əsərlərini sərgiləmək imkanı tapmış və müsbət tənqidlər
almışdı.
Ser Lourens Alma-Tadema ilə tanış olması
utancaq və təvazökar Con Uilyam Qodvardın sosiallaşması və özünü tanıtması üçün
yaxşı fürsət olmuş, ondan ilk incəsənət təhsilini almış və təbii olaraq təsiri
altında da qalmışdı.
Con Uilyam Qodvard Londonda özü kimi
neoklassikçi, ancaq daha ziyadə pre-rafaelit cərəyan rəssamlarından sayılan, kitab
illüstratoru və dekorator Henri Raylend (1856-1924) ilə rəsm atelyesi açmağı
bacarmışdı.
Con Uilyam Qodvard 1904-cü ildə ilk olaraq
çox maraqlandığı İtaliyaya getmişdi. 1912-ci ildə rəsmlərinə modelik edən gözəl
modellərdən biri ilə Romadakı “Villa Borghese” bağçalarının yaxınında əksərən sənətkarların
yaşadığı elzaslı fransız rəssam Alfred Vilhelm Ştrolun satın alaraq 80.000 m²-lik
bağça içərisinə inşa etdirdiyi və bir anlamda sənətkar kommunasına çevrilmiş
olan “Villa Strohl-Fern“inə yerləşdi. (Fern-almanca “evdən uzaqda” anlamına gəlir)
1919-cu ildə Con Uilyam Qodvard İtaliyada çəkdiyi
tablolarını satmaqda zorlanmağa başlamış və sağlamlıq problemləri səbəbi ilə
İngiltərəyə geri qayıtmaq məcburiyyətində qalmışdı. Studiyasında hava qazı ilə
intihar edənədək qardaş Çarlz Arturla bərabər yaşamışdı.
Zamanla özünə yadlaşan ailəsi onun
intiharından dolayı böyük utanc duymuş, bu səbəblə də Con Uilyam Qodvarda aid
bütün yazılı sənədləri, fotoları yandıraraq məhv etmiş, hətta ailə fotolarından
belə kəsərək çıxartmışdı. Bu səbəblə də
bugünə qədər özünə aid bir ədəd belə foto tapıla bilməmişdi.
Con Uilyam Qodvard tablolarında antik Roma
dövrü geyimləri içərisində geyinik və ya qismək geyinik gənc qadınları təsvir
etməyi, onların cildinin yumşaqlığını və çəkiciliyini, ipəkli qumaşları və onun
vücud saran qıvrımlarını, arxa planlarda klassik memarlıq ünsürlərindən istifadə
etməyi, mərmər barmaqlıqları, daş divarları, heykəlləri, pələng, leopard kimi
ekzotik heyvan dərilərini çox sevmiş, bunları böyük reallıqla tablolarında əks
etdirmişdi.
Əsasən ilhamını Artur əfsanələrindən alan və
Rafael dövrünə sevgi bəsləyən pre-rafaelit cərəyan rəssamlarından ayrılaraq Viktoriya
dövrü neo-klassikçilərindən sayılmış, tablolarını həddindən artıq
ideallaşdırmış, optimist və romantik olmaları səbəbi ilə tənqid edilmişdi.
Qodvard və ser Lourens Alma-Tadema bir
yandan mərmərləri ilə, çiçəkləri ilə və klassik dünyanın atmosferləri ilə
yaratdıqları doğru və realist tabloları ilə öyülərkən digər yandan ideallaşdırılmış,
romantik təsvirləri səbəbi ilə “toqalı viktoriyalılar” olaraq xatırlanmışdılar.
(Toqa-təxminən 6 m uzunluğunda, yun parçanın
bədənə bəlli üsulla dolanması ilə əldə edilən və əsasən kətən tunik üzərində
geyinilirdi. Antik Romada Roma vətəndaşı olmayanların geyinməsi qadağan olan ən
xarakteristik kişi geyimidir. Əsgərlər tərəfindən geyinilmədiyindən toqa sülh
işarəti olaraq sayılır. Roma qadınları isə stola geyinirdilər.)
Dünya dəyişmiş, XX əsrin ilk yarısında Pablo
Pikasso kimi sənətkarların daha modern stilləri incəsənət dünyasının diqqət
nöqtəsi halına gəlmiş, haradasa bir gecədə klassik təsiri və stili ilə Qodvardın
əsərləri keçmiş moda olmuş, zamanı
keçmişdi.
Qısa müddətdə neoklassik incəsənət cərəyanının
da sonu gəlmiş, bu cərəyanı tablolarında
əks etdirən rəssamların əsərləri gözdən düşmüşdü.
Con Uilyam Qodvard ardınca “Dünya Pablo Pikasso
və mənim üçün yetərincə böyük deyil” yazılı not buraxaraq 61 yaşında intihar
etmişdi.
0 comments :
Post a Comment