Monday 26 November 2018

Həyatı və əsərləri ilə Con Uilyam Qodvard



1700-cü illərdə artan arxeoloji qazıntıların təsiri və barokko cərəyanının həddindən artıq bəzəkliyinə göstərilən reaksiyalar antik yunan və Roma dövrünə, həyatına, hekayələrinə, geyimlərinə, məkanlarına, dekorasiyalarına marağı artırmış, ilk olaraq İtaliyanın Roma şəhərində başlayan neoklassik incəsənətini doğurmuş, cərəyan İtaliyadan əvvəl Almaniyaya, daha sonra da digər Avropa ölkələrinə yayılmışdı.


Neoklassisizm cərəyanının İngiltərədəki ən önəmli rəssamlarından biri olan Con Uilyam Qodvard maliyyə sektorunda çalışan londonlu tanınmış məmur olan Con Qodvard (1806-1904) və yoldaşı Sara Eborollun (1836-1935) dörd oğlan, biri qız, 5 uşağın ən böyüyü olaraq 9 avqust 1861-ci ildə Uimbldonda dünyaya gəlmişdi.


Uşaqlığından etibarən rəsmə və incəsənətə maraq göstərən Con Uilyamın rəssam olmaq arzusu despot atası və ailəsi tərəfindən dəstəklənməmiş, ancaq onlara rəğmən memarlıq dizaynı təhsilinin ardınca 1882-ci ildə yenə özü kimi neoklassik incəsənətinin İngiltərədəki ən önəmli təmsilçilərindən biri olan ser Lourens Alma-Tademanın təşviqi və hamiliyi sayəsində Krallıq İncəsənət Akademiyası ilə tanış olmuş, əsərlərini sərgiləmək imkanı tapmış və müsbət tənqidlər almışdı.


Ser Lourens Alma-Tadema ilə tanış olması utancaq və təvazökar Con Uilyam Qodvardın sosiallaşması və özünü tanıtması üçün yaxşı fürsət olmuş, ondan ilk incəsənət təhsilini almış və təbii olaraq təsiri altında da qalmışdı.


Con Uilyam Qodvard Londonda özü kimi neoklassikçi, ancaq daha ziyadə pre-rafaelit cərəyan rəssamlarından sayılan, kitab illüstratoru və dekorator Henri Raylend (1856-1924) ilə rəsm atelyesi açmağı bacarmışdı.


Con Uilyam Qodvard 1904-cü ildə ilk olaraq çox maraqlandığı İtaliyaya getmişdi. 1912-ci ildə rəsmlərinə modelik edən gözəl modellərdən biri ilə Romadakı “Villa Borghese” bağçalarının yaxınında əksərən sənətkarların yaşadığı elzaslı fransız rəssam Alfred Vilhelm Ştrolun satın alaraq 80.000 m²-lik bağça içərisinə inşa etdirdiyi və bir anlamda sənətkar kommunasına çevrilmiş olan “Villa Strohl-Fern“inə yerləşdi. (Fern-almanca “evdən uzaqda” anlamına gəlir)



1919-cu ildə Con Uilyam Qodvard İtaliyada çəkdiyi tablolarını satmaqda zorlanmağa başlamış və sağlamlıq problemləri səbəbi ilə İngiltərəyə geri qayıtmaq məcburiyyətində qalmışdı. Studiyasında hava qazı ilə intihar edənədək qardaş Çarlz Arturla bərabər yaşamışdı.

Zamanla özünə yadlaşan ailəsi onun intiharından dolayı böyük utanc duymuş, bu səbəblə də Con Uilyam Qodvarda aid bütün yazılı sənədləri, fotoları yandıraraq məhv etmiş, hətta ailə fotolarından belə kəsərək  çıxartmışdı. Bu səbəblə də bugünə qədər özünə aid bir ədəd belə foto tapıla bilməmişdi.

Con Uilyam Qodvard tablolarında antik Roma dövrü geyimləri içərisində geyinik və ya qismək geyinik gənc qadınları təsvir etməyi, onların cildinin yumşaqlığını və çəkiciliyini, ipəkli qumaşları və onun vücud saran qıvrımlarını, arxa planlarda klassik memarlıq ünsürlərindən istifadə etməyi, mərmər barmaqlıqları, daş divarları, heykəlləri, pələng, leopard kimi ekzotik heyvan dərilərini çox sevmiş, bunları böyük reallıqla tablolarında əks etdirmişdi.

Əsasən ilhamını Artur əfsanələrindən alan və Rafael dövrünə sevgi bəsləyən pre-rafaelit cərəyan rəssamlarından ayrılaraq Viktoriya dövrü neo-klassikçilərindən sayılmış, tablolarını həddindən artıq ideallaşdırmış, optimist və romantik olmaları səbəbi ilə tənqid edilmişdi.

Qodvard və ser Lourens Alma-Tadema bir yandan mərmərləri ilə, çiçəkləri ilə və klassik dünyanın atmosferləri ilə yaratdıqları doğru və realist tabloları ilə öyülərkən digər yandan ideallaşdırılmış, romantik təsvirləri səbəbi ilə “toqalı viktoriyalılar” olaraq xatırlanmışdılar.

(Toqa-təxminən 6 m uzunluğunda, yun parçanın bədənə bəlli üsulla dolanması ilə əldə edilən və əsasən kətən tunik üzərində geyinilirdi. Antik Romada Roma vətəndaşı olmayanların geyinməsi qadağan olan ən xarakteristik kişi geyimidir. Əsgərlər tərəfindən geyinilmədiyindən toqa sülh işarəti olaraq sayılır. Roma qadınları isə stola geyinirdilər.)

Dünya dəyişmiş, XX əsrin ilk yarısında Pablo Pikasso kimi sənətkarların daha modern stilləri incəsənət dünyasının diqqət nöqtəsi halına gəlmiş, haradasa bir gecədə klassik təsiri və stili ilə Qodvardın əsərləri keçmiş moda olmuş, zamanı keçmişdi.
Qısa müddətdə neoklassik incəsənət cərəyanının da sonu gəlmiş,  bu cərəyanı tablolarında əks etdirən rəssamların əsərləri gözdən düşmüşdü.

Con Uilyam Qodvard ardınca “Dünya Pablo Pikasso və mənim üçün yetərincə böyük deyil” yazılı not buraxaraq 61 yaşında intihar etmişdi.

0 comments :

Post a Comment