Monday 8 August 2016

Kun Suuk Şin - Anam sənə əmanət


Ədəbi əsərlərin geniş miqyasda ictimai faktlara əsaslandığı düşünüldüyündə Kun Suuk Şinin “Anam sənə əmanət” əsəri modern Koreya ədəbiyyatında toplumda qadının yerini anladan ən gözəl nümunələrdən biridir. Müəllif əsərdə Koreyada qadının ailə içindəki və cəmiyyətdəki yerini özünə xas fərqli üslubla təqdim etmişdi.

Kun Suuk Şin müasir Koreya ədəbiyyatında adından tez-tez söz etdirən, özünə xas üslubu ilə insanın içinə işləyən, fərqli və rəngli izahat sərgiləyən bir yazıçı olaraq qəbul edilməkdədir. “Anam sənə əmanət” Koreyada böyük əks-səda oyandırmış, insanların ailə həyatlarını və özəlliklə, valideynləri ilə olan əlaqələrini təkrar nəzərdən keçirmələrini təmin etməyi bacarmışdı.

Kun Suuk Şinin əsərləri Koreya ədəbiyyatında önəm daşıyan dəyərli əsərlər olaraq qəbul edilməkdədir. Müəllifin sürətli və əmin addımlarla yüksəlişi “Kun Suuk Şin sindromu” olaraq anlandırılmışdı. “Anam sənə əmanət” təkcə Koreyada deyil, bir çox ölkələrdə səs gətirmişdi. Romanda Koreya cəmiyyətinin dəyər mühakimələri, ənənəvi Koreya mədəniyyyəti, çağdaş Koreya yaşamı mükəmməl şəkildə təsvir olunaraq oxuculara təqdim edilmişdi.

Pak Sonyonun Seul metro stansiyasında itkin düşməsi ilə birlikdə bütün ailə bir yandan onu axtararkən, digər yandan onunla olan əlaqələrinin nə qədər yaxşı olub-olmadığını, ona nə qədər yaxın olduqlarını, qısacası, həyatlarını sorğulamağa başlayırlar. Uşaqların, atanın və ananın ağzından yaşananları izləyirik, iç hesablaşmalarına şahid oluruq. 

Müəllif “sən” üslubundan istifadə edərək həm qəhrəmanların, həm də oxucunun yaşananlardan peşman olmasına şərait yaradır. Oxucuya öz həyatını sorğulamağa çağırır. Verilmiş, amma yerinə yetirilməmiş sözlər, əskikliklər, ümidlər, xəyallar, peşmanlıqlar... Bir insanı itirdikdən sonra dəyəri anlaşılır, o insanla bağlı xatirələr yaddaşa hücum edir.

Müəllifin qəhrəmanı Çi Hon ilə paralel həyatı olduğunu düşünürəm. Gənc yaşda oxumaq üçün Seula göndərilmiş, anası həyatı boyunca kənddə yaşamış, anasının da Pak Sonyo kimi oxuma-yazması haradasa yox kimidir və s. Reportajında qeyd etdiyi kimi, anası itkin düşməmişdi.

Roman 5 “səs”dən ibarətdir.
1) Son görüldüyü yer: Seul metro stansiyası
İlk fəsil Pak Sonyonun yazar olan böyük qızı Çi Hon ilə başlayır. Bu fəsildə müasir toplumun ideal qadın tipinə uyğun bacarıqlı və azad bir qadın olan Çi Honun cahil və savadsız olduğunu düşündüyü anası ilə mübarizəsi  nəzərə çarpır.
2) Bağışla məni, Hun Çol!
2-ci fəsil Pak Sonyonun ən böyük oğlu Hun Çol ilə davam edir. Romanın bu fəslində Hun Çolun anasına münasibəti Çi Hona görə fərqliliyi ilə seçilir. Hun Çol üçün anası həmişə motivasiya mənbəyi olmuşdu.  Amma zaman ötdükcə Hun Çol öz həyatını qurduqdan sonra anasına laqeyd yanaşmağa başlamışdı.
3) Mən gəlmişəm.
3-cü fəsildə Pak Sonyonun əri izahat verir. Ər-arvad münasibəti çərçivəsində qadına verilən dəyər vurğulanır. Ata arvadının varlığını onun itkin düşməsindən sonra anlamağa başlamışdı. Evliliyini düşünür, onun illər boyu şərtsiz və heç bir qarşılıq gözləmədən yanında olduğunu anlayır. Ata uşaqlar doğularkən arvadının yanında olmadığını, günlərin birində ailəsini buraxıb başqa qadınla getdiyini və qayıtdığında arvadının onu sorğu-sualsız qarşıladığını xatırlayır. Evlilik boyunca arvadının duyğularını, düşüncələrini yox saydığı üçün dərin peşmançılıq çəkir.
4) Mənim dünyam
Bu fəsildə Pak Sonyo çoxdan dünyanı tərk etmiş ruhdur. O, həyatındakı insanları sonuncu dəfə ziyarət edir. Həyatı boyunca söyləyə bilmədiyi və içində basdırdığı hər şey bu fəsildə üzə çıxır. Koreya cəmiyyətinin qadına və anaya baxış istiqamətini təyin edən, eyni zamanda tənqid edən fəsil olaraq oxucuya təqdim edilir
5) Palisandr ağacından təsbeh
Son fəsil Pak Sonyonun yazıçı qızı Çi Honla bitir. Anasının itkin düşməsindən 9 ay sonra Vatikan kilsəsində anasına qarşı olan vəfasızlığını düşünən Çi Hon dərin peşmançılıq duyaraq anasını Məryəm Anaya əmanət edir.

1 comment :

  1. Mən çox yalnış bir adamdım ... Yanvar ayında Dr. Obodo mənim üçün Avstriyalı bir qadın tapmaq üçün bir sehr çəkdi. Mart ayının ilk bazar günü mən gözəl Vyetnamlı qadınla görüşdüm. Biz altı həftə məşğul idik və növbəti il evləndik. Dr.Obodo mənə dreams.visit Dr.obodo Via xanım verdi.
    (templeofanswer@hotmail.co.uk)
    (whatsapp +234(815) 542-5481)
    Bloomington, MN

    ReplyDelete