Tuesday 19 April 2022

Nasist əməkdaşlığından ABŞ casusluğuna qədər Ukrayna millətçiliyi


Ukrayna Millətçiləri Təşkilatı (OUN) 1929-cu ildə Şərqi Qalisiya ukraynalılar tərəfindən quruldu və keçən əsr boyu ilk öncə Nasist Almaniyasının, daha sonra Soyuq Müharibədə SSRİ-yə qarşı Avropanın aləti halına gəldi.

Quruluş etibarilə müstəqil və etnik olaraq homogen Ukraynanın təbliğatını və davasını aparan OUN-in ilk hədəfində Polşa vardı. İlk sensasiya 1934-cü ildə Polşa Daxili İşlər Naziri Bronislav Perastkiyə sui-qəsd oldu.

1936-cı ildə Polşa höküməti tərəfindən sui-qəsdlə əlaqəli olaraq ittiham olunan və məhkum edilənlər arasından gənc OUN üzvləri Stepan Bandera və Mikola Lebed də vardı. İlk olaraq edam cəzasına məhkum oldular, sonra isə bu cəza ömürlük həbsə çevrildi.

Bandera və Lebed nasistlər 1939-cu ildə Polşanı işğal etdiyində qaçmağı bacardılar.

UKRAYNA MİLLƏTÇİ HƏRƏKATININ İNKİŞAFI

Birinci Dünya Müharibəsindən sonra Polşanın müstəqillik elan etməsi Şərqi Qalisiya torpaqlarında təzyiqi yüksəltdi. 1918-ci ildə Pavel Skoropadski liderliyində Lvovdakı dövlət çevrilişi və özəlliklə Riqa müqaviləsində Qalisiyanın Polşaya verilməsi gələcəkdə yaşanacaq münaqişələrin xəbərçisi oldu.

Bunun ardınca Varşavanın bölgədəki ukraynalıları vəzifədən çıxarması və Şərqi Qalisiyanin adını “Şərqi Malopolşa” (Małopolska Wschodnia) olaraq dəyişdirməsi bardağı daşıran son damla idi. Ukraynanılar Şərqi Qalisiyada çoxluq təşkil edirdilər və Habsburq hakimiyyəti altında kiçik miqyaslı, amma olduqca sağlam burjua millətçiliyini inkişaf etdirdilər.

Amma Polşa höküməti ukraynalı azlığı tamamilə basdırmadı. “Azlıqlar müqaviləsi”nə riayət etməklə ukraynalı azlığın hüquqlarına zəmanət verdi. Əvvəlcə bəzi güzəştlər edildi və ukraynalılar öz mətbuatlarını və siyasi partiyalarını yaradıb fəaliyyət göstərdilər.

Bu, çox davam etmədi. Polşadakı koalisiya hökumətləri “Azlıqlar müqaviləsi”nin müddəalarını getdikcə daha çox pozmağa başladılar və Ukraynada məktəblərdə və yerli hakimiyyət orqanlarında “Polonizasiya” siyasətini həyata keçirməyə başladılar. Buna cavab olaraq ukraynalılar getdikcə daha çox hərbiləşdilər. 1920-ci ildə fəaliyyətə başlayan Ukrayna Hərbi Təşkilatı (UVO) Polşa prezidenti Yozef Pilsudskiyə sui-qəsd etməyə cəhd etdi.

Şərqi Qalisa və Volin kimi ukraynalıların çoxluq olduğu torpaqlar polşalıların doldurulması ilə “Polonizasiya” siyasəti parçalanmanı daha da dərinləşdirdi. Bu, Polşa hakimiyyətinə qarşı çıxan millətçi qruplara azlıq dəstəyinin artmasına səbəb oldu. OUN belə bir siyasi atmosferdə quruldu.

NASİSTLƏRLƏ ƏMƏKDAŞLIQ PROSESİ

1939-cu ildə imzalanmış Almaniya-SSRİ paktına uyğun olaraq Şərqi Qalisiya və Volin SSRİ-nin nəzarətinə keçdi. Bundan sonra OUN öz ümidlərini nasistlərə bağlamağa başladı. 1939-cu ilin sonlarında nasistlər OUN liderlərini əvvəlcə Krakovda, sonra Varşavada yerləşdirdilər.

Tarixçi Dr. Volodimir Serhiyçukun sözlərinə görə 1939-cu ildə Ukraynanın iki vilayəti (şərq və qərb) arasında sərhəd ləğv edildikdə OUN şərqdə fəaliyyətini inkişaf etdirmək imkanı əldə etdi. 1940-cı ildə NKVD Şərqi Ukraynada OUN komissarlarını həbs etməyə başladı.

1940-cı ildə OUN daxilində parçalanma baş verdi. Andrey Melnikin başçılıq etdiyi köhnə qanad (OUN-M) tələsmədən Ukraynanın müstəqilliyi üçün almanlarla sıx əməkdaşlıq etməyi qarşısına məqsəd qoymuşdu. Bandera fraksiyası (OUN-B) Ukraynanın müstəqilliyini dərhal istəyən qrup idi.

Mərkəzi Kəşfiyyat İdarəsinin 1951-ci ilə aid hesabatına görə, OUN-un yaradıcılarından biri olan Bandera 1930-cu illərdə Abver (Nasist hərbi kəşfiyyatı) adına “II Konsul” kod adı altında casusluq və təxribat fəaliyyəti həyata keçirirdi. Bəzi iddialara görə Andrey Melnik eyni illərdə Abverin “I konsul”u olub.

Nasistlər 22 iyun 1941-ci ildə SSRİ-ni işğal etdikdən sonra Bandera başçılıq etdiyi OUN bölmələri Şərqi Qalisiyaya köçdü.

30 iyun 1941-ci ildə Bandera Şərqi Qalisiyanın paytaxtı Lvova çatanda onun sağ əli Yaroslav Stetsko OUN-B adına "suveren və vahid" Ukrayna dövlətini elan etdi. Stetsko yeni qurulan müstəqil Ukraynanın baş naziri, Mikola Lebed isə (o dövrdə Zakopane Gestapo mərkəzində təlim alırdı) müdafiə naziri təyin edildi.

Ukrayna millətçilərini öz mənfəətləri üçün istismar etməyə qərarlı olan nasistlər Bandera və Stetskodan müstəqillik bəyannaməsini geri götürmələrini tələb etdilər. Bandera və Stetsko bu tələbi rədd etdi, nasistlər tərəfindən həbs edildi və əvvəlcə Berlində ev dustaqlığına salındılar.

1942-ci ilin yanvarından sonra ikisi Zaksenhauzen həbs düşərgəsinə sürgün edildi. Nəticədə Ukraynanın qərbində inzibati qurumlar və polis məntəqələri Melnik qrupunun əlinə keçib. Bu prosesdə nasist hökuməti “OUN-B”nin üsyan planlarından narahat idi və Gestapoya Qərbi Ukraynada nə qədər “OUN-B” üzvü varsa, həbs edib edam etməyi əmr etdi.

Təlim aldığı Gestapo qərargahından qaçmağı bacaran “OUN-B” liderlərindən biri olan Lebed o zaman qeyri-qanuni şəraitdə fəaliyyət göstərən təşkilatın rəhbəri oldu. Nəhayət, “OUN-B” 1942-ci ildə partizan təşkilatı olan Ukrayna Üsyan Ordusuna (UPA) hakim oldu. Bu hadisə ukraynalılar arasında gərginliyə səbəb oldu. Bəziləri OUN-B qrupunun UPA-nın həqiqi liderlərini edam etməklə təşkilatı ələ keçirdiyini iddia edirdilər.

1944-cü ildə UPA tamamilə OUN-B hökmranlığı altına girdi, lakin bütün UPA milisləri OUN-B üzvlərindən ibarət deyildi.

Digər tərəfdən nasist iqtidarı ilə OUN-B arasındakı əlaqə mürəkkəb idi. Əvvəldən Ukrayna millətçilərinin müstəqillik layihələrinə qarşı çıxan nasistlər bir tərəfdən Lebedin başına mükafat qoydular, digər tərəfdən UPA milisləri Vermaxtın təşkil etdiyi yəhudi qırğınlarında iştirak etdilər.

1941-ci ilin aprelində banderistlər bəyanət verərək SSRİ-dəki yəhudilərin bolşevik rejiminin ən qatı tərəfdarları olduğunu, Ukraynada yaşayan yəhudilərin isə rus imperializminin uzantıları olduğunu elan etdilər.

1941-ci ilin iyulunda Almaniyada ev dustağı olan Stetsko belə bir açıqlama verdi: “Moskvanın Ukraynanı kölələşdirməsinə kömək edən yəhudilərin zərərli və düşmən rolunu tam bilirəm. Ona görə də Ukraynada yəhudilərin məhv edilməsinin və bu prosesdə alman üsullarından istifadə olunmasının tərəfdarıyam.”

Yenə həmin il Lvovda paylanan vərəqələrdə OUN üzvləri tərəfindən aşağıdakı ifadələr alındı: “Şərqi Qalisiyanı işğal edərkən Stalini çiçəklərlə qarşıladınız. Başınızı Hitlerə təqdim edəcəyik.”

1943-cü ildə OUN-B qrupu Sovetlər və nasistlərin 1918-ci ildə olduğu kimi bir-birini yeyib Ukraynanı tərk edəcəklərini düşünürdü. Aprel ayında Lebed “polyakları bütün inqilabi torpaqlardan təmizləməyi” təklif etdi. Beləliklə, yenidən diriləcək Polşa dövləti 1918-ci ildə olduğu kimi Qərbi Ukraynaya iddia qaldıra bilməzdi. Bu siyasət nəticəsində 11 iyul 1943-cü ildə UPA milislərinin basqın etdiyi Qərbi Ukraynanın 80 yaşayış məntəqəsində təxminən 10 min polyakın öldürüldüyü barədə məlumat var.

1944-cü ilin iyulunda Qırmızı Ordu Qərbi Ukraynaya doğru irəlilədi və Lvov üzərində nəzarəti ələ keçirdi. Bu prosesdə OUN-B və UPA Sovetlərə qarşı genişmiqyaslı partizan müharibəsi aparırdılar. Banderistlər, təbii ki, nasistlərlə əməkdaşlığı davam etdirirdilər.

İyulda ukraynalı millətçilər Karpat dağlarında Ukrayna Ali Azadlıq Şurasını (UHVR) yaradıblar. UHVR-də dominant tərəf OUN-B qrupu idi. 1944-cü ilin sentyabrında almanlar Bandera və Stetskonu Zaksenhauzendən təxliyə etdilər. Berlin həm OUN fraksiyaları, həm də digər Ukrayna liderləri ilə birlikdə Ukrayna Milli Komitəsini yaratmağa ümid edirdi. Komitə noyabrda yaradılıb, lakin Bandera və Stetsko əməkdaşlıqdan imtina etdilər.

İKİNCİ DÜNYA MÜHARİBƏSİNDƏN SONRA

1947-ci ilə qədər Almaniya, Avstriya və İtaliyada təxminən 250 min OUN üzvü və ya tərəfdarının yaşadığı təxmin edilir. 1947-ci ildən sonra UPA milisləri Çexoslovakiya üzərindən ABŞ-a köçməyə başladılar.

İkinci Dünya Müharibəsindən sonra Avropada yaradılmış Ukrayna qaçqın düşərgələri millətçi düşüncə və təbliğatın yayıldığı ərazilərə çevrildi. Bundan əlavə 1946-cı ilin fevralında Bandera bu düşərgələrdə təşkilatlanmaq üzrə “OUN-B”nin xaricdəki uzantısı olan “OUN-Z”ni qurdu. “OUN-Z” qrupu başda “OUN-B” ilə eyni siyasi xəttə və nizam-intizama malik idi.

ABŞ Ordusu Əks Kəşfiyyat Korpusunun (CIC) müşahidəçilərinə görə, OUN-Z qrupu düşmənlərinə qarşı müntəzəm olaraq qorxutma və terror siyasəti tətbiq edirdi. CIC hesabatlarında Bandera "son dərəcə təhlükəli" kimi təsvir edilir, çünki Bandera Almaniyada ukraynalı rəqiblərinə qarşı zorakılığa əl atmaqdan çəkinmirdi.

1944-cü ilin iyulunda Qırmızı Ordu Lvovu ələ keçirməzdən əvvəl UHVR Vatikan və Avropa hökumətləri ilə əlaqə qurmaq üçün yüksək vəzifəli şəxslərdən ibarət bir nümayəndə heyətini vəzifələndirdi. Nümayəndə heyəti Ukrayna Ali Azadlıq Şurasının (ZP/UHVR) Xaricdəki Nümayəndəliyi kimi tanınırdı. Ata İvan Hrinioç nümayəndə heyətinin rəhbəri təyin edildi və heyətdə Xarici İşlər Naziri olaraq Mikola Lebed, UPA adından isə Yuri Lopatinski yer alırdı.

Hrinioç 1940-cı ildə Bandera və Lebedlə birlikdə Krakovda olmuş ukraynalı katolik keşişdir. Həmin vaxt o, OUN adından Lvov arxiyepiskopu Andrey Şepstitski ilə Vatikandakı Şərqi Katolik Kilsəsinin nümayəndəsi İvan Buçko arasında əlaqə qurmaq vəzifəsini öz üzərinə götürdü.

Nasistlər Şərqi Qalisiyanı işğal edərkən Hrinioç Reyxfürer-SS tərkibində "yəhudi mütəxəssisi" kimi tanınan Fritz Arlt ilə əlaqə saxladı. Arlt sonradan Hitlerin şəxsi vəkili olacaq Hans Frankın rəhbərliyi altında işləyirdi.

1944-cü ildə UHVR tərəfindən dərc edilmiş manifestdə “Ukraynanın siyasi suverenliyini və siyasi sistemini müəyyən edən demokratik quruluşu dəstəkləyən, ideoloji oriyentasiyasından və ya bağlantılarından asılı olmayaraq bütün öndə gələn siyasi ünsürlərin birləşməsi” çağırışı yer alırdı.

UHVR daha sonra Bandera daxil Qərbi Ukraynadakı şovinistlərin Ukrayna dövlətini dini, təkpartiyalı və totalitar təməl əsasında qurmağa meylli cəhdlərini rədd edəcəcəyini açıqladı. Buna səbəb kimi Şərqi Ukraynadakı millətçilərin belə bir siyasi anlaşmanı qəbuledilməz hesab etmələri göstərildi.

1947-ci ildə Bandera-Stetsko və Hrinioç-Lebed arasında münaqişə baş verdi. Bandera və Stetsko təkpartiyalı hakimiyyətdə və Banderanın prezidentliyində israr edirdilər. Hrinioç və Lebed UHVR-nin Bandera deyil, vətəndaşlar tərəfindən yaradıldığını və Banderanı heç vaxt diktator kimi qəbul etməyəcəklərini açıqladı.

1948-ci ilin avqustunda keçirilən OUN-Z konqresində Bandera Hrinioç-Lebed qrupunu OUN-dan təmizlədi və ardıcıllarını “OUN-Z”dən istefa verməyə çağırdı. Bu müddət ərzində Bandera OUN-un 80 faizinə hakim ola bildi və millətçi hərəkatı mühacirətə yönəltmək üçün xüsusi səlahiyyətlər tələb etdi. Bundan əlavə, Bandera Qərbi Ukraynada müxalif ukraynalı liderlərinə qarşı terror fəaliyyətini davam etdirdi və ukraynalı miqrant təşkilatlarını nəzarətə götürmək üçün müxtəlif manevrlər edib. ABŞ kəşfiyyat rəsmilərinin məlumatına görə, Şərqi Qalisiyadakı ukraynalı mühacirlərin təxminən 80 faizi Banderaya sadiq idi. Lakin bütün bunlara baxmayaraq, Lebed, Hrinioç və Lopatinkiy xaricdə rəsmi UHVR nümayəndələri olaraq qaldılar.

Bu siyasi bölünmüşlük şərtlərində Qərb üsusi xidmət orqanları bir tərəf seçməli idilər.

ABŞ kəşfiyyatı Bandera ilə ilk dəfə 1945-ci ilin sentyabrında maraqlanmağa başladı. UPA milisləri Almaniyadakı ABŞ ərazisinə yollanarkən ABŞ kəşfiyyatı da Qərbi Ukraynadakı hərbi vəziyyət və UPA bölmələrinin strukturu ilə bağlı araşdırmalar aparırdı.

UPA milislərinin 1947-ci ildə ABŞ nəzarətindəki bölgəyə axışı Polşa ordusunun ölkənin cənub-şərqində UPA-nı yox etmək üçün başlatdığı “Vistula əməliyyatı” ilə sürətləndirilmişdi.

UPA milislərinin əksəriyyəti Bandera tərəfdarı idilər. Bəzi mənbələr 1947-ci ilin sentyabrında düşərgələrdəki ukraynalı qaçqınların UPA milisi olaraq keçmiş SS zabiti Anton Eyxner tərəfindən təlim aldıqlarını iddia edir.

İkinci Müharibədən sonra banderistlər özlərini “rus təbliğatının böhtanına məruz qalmış, nasistlərə və sovetlərə müqavimət göstərən qəhrəmanlar” kimi göstərməyə başladılar. Bu prosesdə Banderanın nasistlər tərəfindən tutulması və onun Zaksenhauzendə həbs edilməsi presedent kimi göstərildi. Hətta daha da irəli gedərək Banderanın təkcə Ukrayna üçün deyil, bütün Avropa üçün vuruşduğunu iddia etdilər.

Bununla belə, ABŞ kəşfiyyat rəsmiləri müharibə zamanı etnik təmizləmədə banderistlərin rolunu ört-basdır etdilər. Digər tərəfdən ABŞ kəşfiyyatı Şərqi Avropadakı ukrayna qaçqın düşərgələrində fəaliyyət göstərən sovet agentlərinin yerini müəyyən etmək üçün UPA könüllülərindən istifadə edirdi. UPA lideri Yuri Lopatinski 1947-ci ilin oktyabrında sovet casuslarını tapmaq üçün Deqqendorf düşərgəsinə getmişdi.

1947-ci ilin noyabrında Berlindəki sovet hərbi rəsmiləri ABŞ ərazisində UPA üzvlərinin ekstradisiya edilməsində təkid etdilər. ABŞ kəşfiyyatı isə bu tələbin anti-bolşevik qüvvələrin illərdir əldə etməyə çalışdığı ABŞ etibarını məhv edə biləcəyindən narahat idi.

Çox keçmədi ki, SSRİ Banderanın ABŞ ərazisində olduğunu öyrəndi və sovet agentlərinin 1946-cı ilin iyununda Banderanı qaçırmaq üçün ABŞ ərazisinə daxil olduqları deyilir.

Bundan əlavə, Bandera ilə maraqlananlar arasında Britaniya kəşfiyyatı (MI6) da var idi. MI6 1948-ci ilin aprelində Gerhard fon Mende vasitəsilə Bandera ilə əlaqə saxladı. Riqadan olan alman fon Mende Alfred Rozenberqin rəhbərlik etdiyi “Ostministerium”un (Reyxin işğal altındakı şərq bölgələri nazirliyi)) Qafqaz və Türküstan şöbəsinin rəisi idi. Bu şöbənin yaradılmasında məqsəd SSRİ-də müsəlmanları bolşevik idarəsinə qarşı üsyana hazırlamaq idi. Bu tapşırığı yerinə yetirərkən fon Mende UPA-nın imkanları və işləmə qabiliyyəti haqqında da məlumatlandırıldı.

1949-cu ildə Mİ6 Banderanın öz casuslarını  Qərbi Ukraynaya  göndərməkdə kömək etdi. 1950-ci ildə isə bu casusları Qərbi Ukraynadan kəşfiyyat məlumatı verə biləcəkləri ümidi ilə hazırlamağa başladı.

Lakin CIA və ABŞ Dövlət Departamenti rəsmiləri Bandera ilə əməkdaşlığa açıq şəkildə qarşı çıxdılar. 1950-ci ilə qədər CIA Hrinoç-Lebed qrupu ilə işləyirdi və UHVR ilə əlaqə saxlamaq üçün öz casuslarını Qərbi Ukraynaya göndərməyə başladı. Bandera indi UHVR-nin dəstəyini və hətta Ukraynadakı OUN partiyasının rəhbərliyini itirmişdi. 1951-ci ilin aprelində CIA rəsmiləri Mİ6-nı Banderadan dəstəyi geri çəkməyə çalışdılar, MI6 bundan imtina etdi.

Bandera keçmiş Polşa torpaqlarında, xüsusən də sovet torpaqlarında gənc nəslin zehniyyətini dəyişdirməkdə diqqətəlayiq uğur qazandı, lakin artıq funksional deyildi. CIA üçün ən yaxşı həll Banderanın ləğvi idi.

Və Bandera vasitəsilə Britaniyanın Ukraynadakı əməliyyatları genişləndi. 1954-cü ilin əvvəlinə aid bir hesabatda deyilir ki,  bu əməkdaşlığın (Bandera ilə) əməliyyat aspekti qənəətbəxş şəkildə inkişaf etmişdi. Bandera terror təcrübəsinə sahib, professional yeraltı ünsürü idi. Onu vazkeçilməz qılan da bu idi.

Bandera Münhendə qaldı və öz casuslarını təkbaşına yetişdirməyə davam etdi. O, anti-Amerika ritorikasını yayan və digər ukraynalı mühacir qəzetlərinə hücum edən bir qəzet nəşr etdi. Bundan əlavə, Bandera ABŞ-ın Avropadakı hərbi və kəşfiyyat idarələrinə sızmağa cəhd edərək ABŞ üçün işləyən ukraynalıları qorxutmağa çalışdı.

Bu arada Bandera Ukraynaya casuslar göndərməyə davam edib və onların maaşlarını saxta pullarla ödədi. Lakin Amerika kəşfiyyat rəsmiləri Banderanı susdurmaq əzmində olsalar da, Sovetlərin onu qaçırıb və öldürməsinə əsla icazə verilməməsi barədə qərar aldılar.

Bandera isə yeni sponsorlar axtarırdı. 1956-cı ilin əvvəlində qısa bir müddət ərzində İtaliya Hərbi Kəşfiyyatı (SIFAR) Banderanı dəstəklədi. Elə həmin il Bandera nasist hərbi kəşfiyyatının SSRİ/Şərq üzrə məsul olan Reynhard Gelenin rəhbərlik etdiyi Qərbi Almaniya kəşfiyyatı olan BND ilə yeni əlaqələr qurdu. Əslində Gelenin yüksək səviyyəli zabitləri müharibə zamanı SSRİ-ni parçalamağın yeganə yolunun millətçi qrupları dəstəkləmək olduğunu müdafiə edirdilər.

Banderanın BND ilə şəxsi əlaqəsi müharibənin son illərində Gelenin “Fremde Heere Ost”dakı (Şərq bölgəsinin hərbi kəşfiyyat xidməti) keçmiş köməkçisi və müharibədən sonra Gelenin ən yaxın müşaviri olmuş Haynz Danko Herre idi. Münhendəki CİA rəsmiləri isə Banderaya qarşı xəbərdarlıqlarını davam etdirərkən, Herre əməkdaşlıqdan vaz keçmədiyini açıqladı: “Banderanı 20 ilə yaxındır tanıyırıq. Onun Almaniya daxilində və xaricində yarım milyondan çox izləyicisi var.”

1959-cu ilin sentyabrında Herre dedi ki, BND Sovet Ukraynasından kəşfiyyat axınını bərpa edib. Bu arada Bandera 1955-ci ildən ABŞ-dakı ukraynalı tərəfləri, Dövlət Departamenti və CIA rəsmiləri ilə görüşmək üçün ABŞ vizası almağa çalışırdı.

Herre düşünürdü ki, Qərbi Almaniyanın köməyi ilə veriləcək viza Banderanın ABŞ-la münasibətlərini yaxşılaşdıracaq. BND vasitəsilə CİA-nın etimadını qazanan Bandera 1959-cu ilin oktyabrında Münhendə CIA rəsmilərindən ABŞ vizası üçün icazə almağı bacardı.

On gün sonra Bandera Münhendə Boqdan Staşinski adlı KQB casusu tərəfindən sianid tozu püskürdən xüsusi silahla öldürüldü. İllər əvvəl Banderanın təşkilatına və BND-yə sızan Sovetlər belə qənaətə gəldilər ki, Banderanın ölümündən sonra alman kəşfiyyatı ilə ukraynalı millətçilər arasında daha bir ittifaq yaradıla bilməz. Edamdan sonra OUN-B qrupu fəaliyyətini davam etdirdi, lakin DTK təşkilatın ən yüksək eşelonlarına nüfuz etdi. Herre isə 1961-ci ilə qədər Banderanın adamları ilə əlaqə saxladı.

ABŞ VƏ MİKOLA LEBED

Lebedin CIA ilə əlaqələri Soyuq Müharibə boyu davam etdi. 1945 və 1946-cı illərdə Strateji Xidmətlər Bölməsi (SSU) ilə Hrinioç-Lebed qrupu arasında əlaqə yaratmaq cəhdləri qarşılıqlı inamsızlıq səbəbindən uğursuzluğa düçar oldu.

1946-cı ilin dekabrında HrinioÇ və Lopatinski casus hazırlığı, pul və silah üçün ABŞ-dan kömək istədilər. Onlar öz növbəsində ABŞ üçün Ukraynada kəşfiyyat şəbəkələri yaradacaqdılar.

SSU-nun Vatikanda təmaslarını koordinasiya edən macar əsilli jurnalist Zsolt Aradi əlaqələri təsdiqləyib. Bu arada, Aradi qeyd edib ki, UHVR, UPA və OUN ukraynalılar arasında yeganə böyük və nüfuzlu təşkilatdır və Hrinioç, Lebed və Lopatinski "qətiyyətli və bacarıqlı adamlardır".

1947-ci ilin iyul ayında CIC hesabatında Lebedə "məşhur sadist və alman əməkdaş" kimi istinad edilir.

SSU əvvəlcə Hrinioç-Lebed qrupunun təklifini rədd etsə də, Romadakı CIC bu təklifi qəbul etdi və Lebed və Ukraynanın immiqrasiya təşkilatları sovetlərin ABŞ bölgəsindəki fəaliyyəti haqqında məlumat verdilər.

Bundan əlavə, Hrinioç CIC müxbiri kimi fəaliyyətə başladı. 1947-ci ilin noyabrında Hrinioç Bandera adından ABŞ hakimiyyət orqanlarından Sovetlərin ekstradisiya tələblərindən qorunmaq üçün Lebedi Romadan Münhenə köçürməyi xahiş etdi. Münhendəki CIC Hrinioçun etimadını qazanmağa və Bandera ilə görüş təşkil etməyə ümid edirdi.

ABŞ ordusu dekabr ayında Lebedi və ailəsini Münhenə köçürüb. Bu arada Lebed müharibə dövrünü, Bandera qrupunu və UPA-nın almanlar və sovetlərlə mübarizəsini təsvir edən 126 səhifəlik kitab yazdı.

1948-ci il Berlin blokadası və Avropada müharibə təhlükəsi CİA-nı sovet mühacir qruplarını yoxlamağa sövq etdi. ICON Layihəsi çərçivəsində CİA 30 qrup üzərində işlədi və kəşfiyyat şəbəkəsi yaratmaq üçün Hrinioç-Lebed qrupu ilə əməliyyat əməkdaşlığı təklif etdi.

Bandera ilə müqayisədə Hrinioç-Lebed Sovet Ukraynasında ən sıx yeraltı əlaqələri olan CİA üçün mülayim, sabit və əməliyyat baxımından etibarlı qrup idi. Müharibə başlayanda sovet cəbhələrinin arxasında “müqavimət” və kəşfiyyat qrupunun olması vacib idi. Bundan sonra CIA UPA üçün hər cür yardımı səfərbər etdi. Silah, texnika, pul, radio verilişləri kimi. Hrinioç Münhendə qaldı, lakin Lebed Nyu-Yorka köçdü və daimi iqamət statusu, sonra ABŞ vətəndaşlığı aldı.

“PROLOG” NƏŞRİYYATI

1953-cü ildən başlayaraq CİA Nyu-Yorkda Lebedin rəhbərliyi altında işçi qrupu yaratdı. Bu qrupun əsas məqsədi Ukrayna ədəbiyyatını və tarixini nəşr etmək üçün kitablar, qəzetlər, bülletenlər və radio proqramları kimi təbliğat materialları hazırlamaq idi. 1956-cı ildə kommersiya güdməyən
“Proloq Tədqiqat və Nəşriyyat Tərəfdaşlığı” olaraq rəsmən quruldu.

“Prolog”un yaradılma prosesi, missiyası və maliyyələşdirilməsi ilə bağlı təfərrüatlar CIA-nın 15 fevral 1967-ci il tarixli sənədlərində tapıla bilər.

"Prolog"un vergiyə cəlb edilməməsi üçün CİA gəlir mənbəyi kimi “şəxsi ianələri” göstərib. Nyu-York əyalətinin hakimiyyət orqanlarından yayınmaq üçün CİA “Prolog”u özəl müqaviləli qeyri-kommersiya təşkilatına çevirdi.

Hrinioç Münhendə "Ukrainische-Gesellschaft für Auslandsstudien" ofisini açıb “Prolog”un Avropa tədqiqatlarını həyata keçirtdi. Hrinioç-Lebed qrupu indi bütün siyasi fəaliyyətlərini “Prolog” vasitəsilə həyata keçirməyə başladı və “Prolog”da işləyənlərin demək olar ki, hamısı CİA əməliyyatında işlədiklərindən xəbərsiz idi.

Əvvəlcə Afinadan “Nova Ukrayniya” adlı radio yayımı başladı. Sonra "Suçasna Ukrayniya” qəzeti təsis edildi. “Suçasnist” adlı ədəbi jurnal nəşr olundu, digər nəşrlər Ukraynanın kitabxanalarına, mədəniyyət müəssisələrinə, inzibati idarələrə və ayrı-ayrı şəxslərə göndərildi.

Təkcə 1957-ci ildə CİA dəstəyi ilə “Prolog” ayda 70 saat olmaqla 1200 radio proqramı yayımladı, 200 min qəzet və 5 min broşür nəşr etdi. Sonrakı illərdə “Prolog” millətçi ukraynalı yazıçı və şairlərin kitablarını nəşr etdi.

“Prolog” kəşfiyyat işinə 1950-ci illərin sonlarında sovet səyahət məhdudiyyətləri yumşaldıldığı zaman başladı. Bu, immiqrant ukraynalı tələbələrə və alimlərə akademik konfranslarda, beynəlxalq gənclik festivallarında, musiqi və rəqs tamaşalarında, Roma Olimpiadalarında və s. iştirak etmək imkanı verdi. “Prolog”un heyəti həmçinin Sovet Ukraynasının vətəndaşları ilə ünsiyyət qurmaq imkanı əldə etdi. “Prolog”un liderləri və nümayəndələri qayıtdıqları zaman CIA ilə məlumat paylaşdılar. Təkcə 1966-cı ildə “Prolog”un əməkdaşları 227 sovet vətəndaşı ilə əlaqə saxladılar.

1960-cı illərin əvvəllərində “Prolog”un tərkibinə CİA tərəfindən təlim keçmiş Anatol Kaminski adlı bir adam da daxil idi. 1966-cı ildə Kaminski Lebedlə birlikdə “Prolog”un direktorlarından biri oldu. 1960-cı illərdə Proloqun liderləri Ukrayna siyasəti, dissident ukraynalı şairlər, KQB-yə bağlı şəxslər, KQB məmurlarının kimliyi, Ukraynanın qərbində sovet raketləri və təyyarələri və digər bir çox mövzu haqqında hesabat yayımladılar.

“Prolog” layihəsi dissident Sovet vətəndaşı ukraynalılar üzərindəki CİA-nın ən təsirli əməliyyatlardan biri idi. Lebed eyni zamanda Banderist dövrünün sərt antisemitist ritorikasını da tərk etdi.

Lebed 1975-ci ildə təqaüdə çıxdı, lakin “Prolog” və ZP/UHVR məsləhətçisi olaraq qaldı. 1978-ci ildə ukraynalı jurnalist Roman Kupçinski Proloqun yeni direktoru oldu. 1977-ci ildə prezident Karterin milli təhlükəsizlik üzrə müşaviri Zbiqnev Bjezinski “Prolog”un genişləndirilməsinə kömək etdi.

1980-ci illərdə “Prolog” digər sovet xalqlarını əhatə etmək üçün öz işini genişləndirdi və istehzalı olaraq, bunlara dissident sovet yəhudiləri də daxil idi. 1990-cı ildə SSRİ-nin dağılma ərəfəsində olması ilə missiya 1,75 milyon dollarlıq yekun ödənişlə bağlandı.

0 comments :

Post a Comment